"Döyüşün yaxşı keçəcəyinə inanıram".
Oxu.Az xəbər verir ki, bunu "UFC Fight Night"da Erik Nolanla oktaqona çıxacaq təmsilçimiz Fərman Həsənov deyib.
O bildirib ki, döyüşə hazırlıqlar davam edir:
"Döyüşə artıq az qalıb. Qarşı küncdə kimin təmsil olunacağı mənim üçün fərq etmir. Mən öz döyüşümə fokuslanmışam. Rəqib təcrübəli döyüşçüdür. Onun döyüşlərini izləyib, analiz etmişik. Ayaqüstü döyüşlərdə daha üstündür. Lakin mən qələbəyə tam hazırlıqlıyam".
"İlk hədəfim UFC-yə düşmək idi. İndi isə əsas məqsədim UFC çempionu olmaqdır. Addım-addım hədəfimə doğru irəliləyəcəyəm. Öz üzərimdə daha çox işləyirəm. Oktaqona çıxdıqdan sonra rəqibin kim olması fərq eləmir", - deyə F.Həsənov qeyd edib.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
Daha çox foto burada: PhotoStock.az