“Formula-1” üzrə dünya çempionatının ikiqat qalibi və hazırda “McLaren Honda” komandasının heyətində yarışan pilot Fernando Alonso bu gün Bakı Avropa Qran-pri yarışının rəsmi elçisi seçilib.
Oxu.Az F-1.az-a istinadən xəbər verir ki, Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso martın martın 8-də Bakıya gələcək.
O, 2 günlük səfər zamanı tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək.
Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və şəhər trekində bu yay baş tutacaq yarışlarda McLaren komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.
Bununla yanaşı, Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən “Formula-1” yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran-prisinin könüllüləri və marşalları ilə də görüşəcək.
Qeyd edək ki, Alonso “Formula-1” tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridi. 253 yarışa çıxan Alonso 32 qələbə və 22 poul qazanıb, 21 yarışda isə ən sürətli dövrəyə imza atıb.
E.Ə.
www.oxu.az