Metyu Fispatrik Qubada keçirilən Azerbaijan Golf Challenge Open turnirində iştirak edərək, öz reputasiyasını qorumaq üçün yaxşı oyun göstərmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, Challenge Tour-un Azərbaycana səfər etməsi, hətta ən hazırlıqlı oyunçular üçün belə yenilik oldu, Fispatrik üçün isə hər şey yenilik idi. Belə ki, o keçən həftə keçirilən Le Vaudreuil Golf Challenge turniri zamanı Challenge Tour-a debüt edib.
Fispatrik səkkizinci yeri tutmasına məyus olmuşdu, o hansısa anda sonuncu günün liderinə çevrilmişdi, bu isə həm onun, həm də izləyicilərin bu oyuna böyük ümid bəslədiyini göstərirdi.
19 yaşlı oyunçu bundan peşəkar karyerası üçün dərs götürəcəyini etiraf edib.
“Ötən həftə həqiqətən, mənim üçün öyüdverici oldu”, Şeffilddən olan oyunçu bildirib.
“Mən 63 dəlik üçün həqiqətən yaxşı oynamışam, amma bazar günü uğurlu çıxış edə bilmədim. Hamı deyir ki, bu qalib və ya məğlub olacağın həlledici andır. Təəssüf ki, mən məğlub oldum.
Amma təslim olmağı düşünmürəm, yəqin bu dəfə zəfər Endryu Constanın tərəfində idi, o həqiqətən yaxşı oynayırdı. İndi isə özümə sadəcə 19 yaşımın olduğunu və oyun planında daha çox şey öyrənəcəyimin olduğunu xatırladıram”.
Fispatrik öz məşqlərini Azərbaycanın Milli Qolf Klubunda davam etdirəcək, burada ona tanıdığı oyunçular, o cümlədən Walker Cup komandasından olan yoldaşları Kallum Şinkvin, Qarrik Portos, Maks Orrin və Natan Kimsi qoşulacaq.
Gözəl yamaclar və hündür ot 156 oyunçunun 300 000 avroluq mükafat fondu uğrunda istedad və xarakterini sınaqdan keçirəcək. Fispatrik optimizmə köklənib, baxmayaraq ki, tanımadığı şəraitdə və qolfun ilkin inkişaf mərhələsində olduğu ölkədə yarışacaq.
“Azərbaycan kimi ölkədə olmaq çox maraqlıdır, çünki bu ölkə turnirin keçirilməsi üçün gözlənilməz oldu. Bizim bəxtimiz gətirib ki, bu idman növünü seçmişik və yeni yerlərə getmək, yeni mədəniyyətlərlə tanış olmaq imkanımız var. Buradakı mühit öyrəşdiyim kimi deyil və burada mənim üçün yeni olan çox şey var.
Sahə gözəl qurulub və yaxşı vəziyyətdədir. Yamaclar çox yaxşıdır, ot isə sıxdır. Amma yad sahədə və yad şəraitdə oynamaq təcrübəni artırır, bu isə öz bacarığını artırmaq və daha peşəkar oyunçu olmağın üçün yeganə üsuldur”.
Hesabında cəmi 49 240 avro olmasına baxmayaraq, Fispatrik çox sakit görünür.
O, bəyan edib:
“Challenge Tour standartları çox yüksəkdir, amma ümid edirəm ki, gələn ilki mövsümə keçid üçün bu turnirlərdə yaxşı oyun göstərəcəm və öz qrafikimi qura biləcəm. Digər tərəfdən isə düşünürəm ki, Challenge Tour-un tam mövsümündə iştirak etmək daha yaxşıdır.
Mən sadəcə peşəkar turnirlərdə iştirak etməyə alışmalıyam, belə ki, onlar həvəskar turnirlərdən çox fərqlənirlər. Beləliklə, Challenge Tour bu sahədə böyük addımdır. Orada inanılmaz sərt oyun gedir və bir buraxılmış zərbə sənə 1 000 avroya başa gələ bilər, bu isə reytinq mövqeyində əksini tapacaq. Ona görə də sürətlə öyrənmək lazımdır, mən özümün uyğunlaşma bacarığıma əminəm”.