Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Formula-1": Lando Norris və "McLaren" mövsümə qələbə ilə başladılar
Dəyişkən hava şəraiti, debütantların və veteran sürücünün qəzaları, sevinc və göz yaşları - 75-ci ildönümünü qeyd edən "Formula-1" üzrə dünya çempionatın ilk mərhələsi sürət həvəskarları üçün maraqlı anlarla yadda qalıb.
Oxu.Az xəbər verir ki, Avstraliyanın Melburn şəhərində baş tutan yarış güclü yağışdan sonra Albert Parkın qurumaqda olan yollarında başlayıb. Hələ qızdırma dövrəsində Ayzek Həcər ("Racing Bulls"), ilk dövrədə isə Cek Duhen ("Alpine") və Karlos Sayns ("Williams") mübarizəni dayandırıblar - Ayzek bolidini tərk edərək göz yaşlarına hakim ola bilməyib.
Uzun müddət "McLaren" komandasının sürücüsü Lando Norris pelotona başçılıq edib. Onu əvvəlcə son dörd ilin çempionu Maks Ferstappen ("Red Bull"), daha sonra komanda yoldaşı və yerli azarkeşlərin sevimlisi Oskar Piastri sıx təqib ediblər.
Çempionatın ən təcrübəli sürücü Fernando Alonsonun ("Aston Martin") qəzasından sonra Təhlükəsizlik Maşını rejimi elan olunub və sürücülər quru hava təkərlərinə keçmək üçün bokslara tələsiblər. Mübarizə canlanandan sonra isə yenidən yağış yağmağa başlayıb və trekdə aləm qarışıb.
Əvvəlcə Norris və Piastri səhvə yol veriblər və Ferstappen liderliyi ələ alıb, daha sonra güclü yağış altında Maks da boksa yenidən təkərlərini dəyişməyə yollanıb və Lyuis Həmilton ("Ferrari") liderliyi ələ keçirib. Amma bütün sürücülərin pitə baş vurmasından sonra Lando liderliyi özünə qaytarıb. Bu zaman əvvəlcə Liam Louson ("Red Bull"), daha sonra Qabriel Bortoleto ("Sauber") qəzaya uğrayıblar.
Bernd Maylanderin idarə etdiyi Təhlükəsizlik Maşını növbəti dəfə trekə çıxıb və pelotonu bir araya yığıb. Restartdan sonra finişə qədər qalan dövrələrdə Lando Maksın hücumlarını dəf etməli olub. Yekunda britaniyalı sürücü bunun öhdəsindən uğurla gəlib və mövsümə qələbə ilə start verib. Podiumu Maks Ferstappen və Corc Rassell ("Mercedes") tamamlayıblar.
Beş debütantın start aldığı mövsümün ilk yarışında "Mercedes"in sürücüsü Andrea Kimi Antonelli heç bir səhvə yol verməyərək, 16-cı yerdən start almasına baxmayaraq, finiş xəttini 4-cü yerdə keçib. Növbəti yerləri Aleks Elbon ("Williams"), Lens Strol ("Aston Martin") və Niko Hülkenberq ("Sauber") tutublar. Hamının yüksək nəticə göstərdiyi "Ferrari" sürücüləri Şarl Lekler və Lyuis Həmilton bu dəfə zəif çıxış ediblər və ilk onluğu tamamlayıblar.
Beləliklə, Lando Norris mövsümə het-triklə (poul, qələbə və sürətli dövrə) başlayıb, onun "McLaren" komandası da Mühəndislər Kubokuna başçılıq edir. Qarşıdakı həftəsonu çempionat Çinin Şanxay avtodromunda davam edəcək.
Xatırladaq ki, 24 yarışdan ibarət mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.
"Formula-1" teqi üzrə xəbərlər
- "Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL
- "Formula-1" üzrə dünya çempionatı Avstraliyada start aldı: Şarl Lekler günü zirvədə bağladı
- Baş rolda Bred Pittin iştirak etdiyi "Formula-1" filminin treyleri bir gündə iki milyon dəfə izləndi
- "Formula-1"də 400 min manatı mənimsəməkdə təqsirləndirilən Çingiz Mehdiyevə yeni cəza istənildi
- 2026-cı ildən "Formula-1"də 11 komanda olacaq