Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Formula-1" üzrə dünya çempionatı Avstraliyada start aldı: Şarl Lekler günü zirvədə bağladı
Nəhayət, "Formula-1" sevərlərin, sürət həvəskarlarının gözlədikləri gün yetişbi. "Formula-1" üzrə 76-cı dünya çempionatının ilk mərhələsi - Avstraliya Qran-prisi yaşıl qitənin Melburn şəhərində ilk məşqlərlə start alıb.
Oxu.Az xəbər verir ki, bu gün sürücülər hər biri bir saat davam edən iki məşq sessiyasında yeni maşınları qarşıdakı əsas sessiyalara - sıralanma turu və yarışa sazlayıblar, eyni zamanda, yeni təkərlərin effektivliyini də uzun dövrələr seriyasında dəyərləndiriblər.
Bəri başdan qeyd edək ki, keçən illə müqayisədə maşınların sürəti artıb. Bu da gözlənilən idi - stabil reqlament çərçivəsinə keçənilki maşınların zəif tərəfləri aradan qaldırılıb, problemlər həll olunub.
Günün ən sürətlisi isə "Ferrari"nin sürücüsü Şarl Lekler olub - moneqask 1:16.439 nəticə ilə ən yaxın izləyicisi "McLaren"dən Oskar Piastrini 0.124 saniyə üstələyib. Hamının diqqət mərkəzində olan "Ferrari"nin debütantı, 7 qat dünya çempionu Lyuis Hemilton komanda yoldaşına 0.420 saniyə uduzub.
Son 4 ilin çempionu olmuş Maks Ferstappenin zəif performansı niderlandlı sürücünün azarkeşlərini məyus edib - Maks ən yaxşı dövrəsində günün liderinə 0.624 saniyə uduzub.
Ümumiyyətlə, nəticələr çox sıx olub, belə ki, protokollarda ilk 15 sürücü bir saniyəyə yerləşib. Bu da qarşıdakı yarışlarda sıx mübarizədən xəbər verir.
Mövsümün ilk qəzası isə "Haas" komandasının debütantı Oliver Börmandan gəlib - britaniyalı sürücü ilk məşqlərdə maşını döngədə ram edə bilməyib və qoruyucu baryerlərə çırpılıb. İkinci sessiyada komandanın mexanikləri maşının təmiri ilə məşğul olublar, ona görə də Oliver məşqlərdə iştirak etməyib.
Debütantlar arasında ən yaxşı nəticəni "Racing Bulls" komandasının sürücüsü Ayzek Həcər göstərib - əlcəzairəsilli fransalı sürücü ən yaxşı dövrəsində günün liderinə 0.580 saniyə uduzub.
"Mercedes" sürücüləri ən çox məsafə qət ediblər - həm Corc Rassell, həm də Andrea Kimi Antonelli gün ərzində 54 dövrə vurublar.
Bu gün komandalar topladıqları məlumatları təhlil edəcəklər, sabah səhər baş tutacaq məşqlərdən əvvəl maşınların sazlanmasına son düzəlişlər olunacaq. Sabah nahardan sonra isə mövsümün ilk sıralanma turunda mübarizə davam edəcək. Avstraliya Qran-prisinə bazar günü əsas yarışla yekun vurulacaq.
Xatırladaq ki, 24 yarışdan ibarət mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.
Anar Həsənov
"Formula-1" teqi üzrə xəbərlər
- Baş rolda Bred Pittin iştirak etdiyi "Formula-1" filminin treyleri bir gündə iki milyon dəfə izləndi
- "Formula-1"də 400 min manatı mənimsəməkdə təqsirləndirilən Çingiz Mehdiyevə yeni cəza istənildi
- 2026-cı ildən "Formula-1"də 11 komanda olacaq
- Məhkəmə "Formula-1" komandasının rəhbəri üzündən Britaniya mətbuatına qadağa qoydu
- "Formula-1" Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulma işlərinə başlanıb