2026-cı il dünya çempionatından əvvəl ABŞ-də təhlükəsizliklə bağlı narahatlıqlar artır. Federal Təhqiqatlar Bürosu (FTB) 48 komandanın iştirak etdiyi bu nəhəng tədbiri qurum tarixinin ən böyük əməliyyatlarından biri kimi qiymətləndirir, terror təhdidlərindən tutmuş dron hücumlarına, ekstremist qruplar və milyonlarla ziyarətçinin yarada biləcəyi risklərə qədər geniş şəkildə hazırlıqlar aparır.
Oxu.Az bildirir ki, bu barədə "Haber Global" yazıb.
48 komandası, 36 düşərgəsi və 11 stadionu olan dünya çempionatı FTB-nin indiyə qədər üzləşdiyi ən böyük təhlükəsizlik sınaqlarından biri kimi diqqət çəkir.
FTB direktoru Kaş Patel quruma məxsus "Gulfstream" təyyarəsində səfər zamanı verdiyi müsahibədə bununla bağlı fikrini ifadə edib.
"Bu, böyük bir yükdür, böyük ehtimal, FTB tarixində, hətta ABŞ tarixində ən böyük məsuliyyətdir", - deyə o qeyd edib.
Kaş Patel qurumun dünyanın bu ən böyük idman tədbiri üçün gördüyü geniş hazırlıqlar barəsində danışıb.
Eyni zamanda "Reuters" agentliyi FTB və Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən may ayında dünya çempionatı üçün hazırlanmış 78 səhifəlik birgə təhdid qiymətləndirmə hesabatını nəzərdən keçirib və bu hesabat turnirin təhlükəsizliyinin təmin edilməsinin nə dərəcədə mürəkkəb olduğunu ortaya qoyub.
Hesabatda ABŞ Prezidenti Donald Trampın matçlara qatılmasının təhlükəsizlik səylərini daha da çətinləşdirəcəyi vurğulanıb.