Dekabrın 5-də Respublika Şahmat Mərkəzində Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat festivalı başlanacaqdır.
Oxu.Az xəbər verir ki, tanınmış şahmat xadimi, beynəlxalq hakim və əməkdar məşqçi olan Fuad Cəfərovun (1955-2004) müstəqil Azərbaycanın şahmatına göstərdiyi xidmətlər əvəzsizdir.
F.Cəfərovun yetirmələri Bakı, Respublika və Sovet İttifaqı səviyyəsində tez bir zamanda uğurlar qazanmağa başlayırdılar.
“Ağ top”, “Komsomolskaya pravda” turnirlərində Azərbaycan şahmatçılarının uğurlarında da Fuad Cəfərovun payı var.
Fuad müəllim həm də yaxşı təşkilatçı olduğuna görə Respublika Şahmat Mərkəzi açılan gündən oranın direktoru vəzifəsinə dəvət olunmuşdu. Onun sayəsində müxtəlif səviyyəli yarışlar və təlim-məşq toplanışları keçirilirdi. Botvinnik məktəbinin Bakıdakı seminarında da bizim şahmatçılar onunla birgə iştirak etmişdilər.
Mərhum şahmat xadiminin xatirəsinə həsr olunmuş ayrı-ayrı illərdə turnirlər keçirilsə də, bu il 60 illik yubiley münasibətilə Şahmat Federasiyasının və Şahmat Mərkəzinin dəstəyi ilə daha böyük tədbirlər planı nəzərdə tutulub.
Fuad müəllimin şagirdi olan və indi festivalın baş təşkilatçısı - beynəlxalq usta və beynəlxalq hakim İlqar Bacarani bildirib ki, festivalda 200-dən artıq şahmatçı qüvvəsini sınayacaq. 13 yaşadək uşaqların yarışında və açıq turnirdə İsveçrə sistemi üzrə 7 tur keçiriləcək. Bir neçə ölkənin nümayəndələrinin oynadığı turnirlər beynəlxalq status aldığına görə FİDE-nin təqviminə də salınıb.
Bundan əlavə sürətli (Rapid) və ildırımsürətli (Blitz) turnirlər də planlaşdırılıb.
Baş turnirdə isə ölkəmizin gənc şahmatçıları Qrossmeyster və Beynəlxalq usta norması uğrunda mübarizə aparacaqlar.
Festival dekabrın 14-də başa çatacaq.