Futbol üzrə İspaniyanın 19 yaşadək millisinin (U-19) Mursya şəhərinin San Pedro del Pinatar qəsəbəsində keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Santyaqo Denyanın açıqladığı heyətdə “Borusiya” (Dortmund), “Barselona”, “Mançester Siti”, “Mançester Yunayted” və “Real” (Madrid) kimi məşhur klublardan futbolçular var. Həmin heyət belədir:
Alvaro Qarsya (“Albasete”), Unai Vensedor (“Atletik”), Serxyo Qomes (“Borusiya” D., Almaniya), Arnau Tenas, Xuan Miranda, Alexandro Orelyana, Alexandro Markes, Abel Ruis (hamısı “Barselona”), Rikard Sançes (“Atletiko”), Antonyo Aranda (“Qranada”), Erik Qarsya (“Mançester Siti”, İngiltərə), Arnau Puyqmal (“Mançester Yunayted”, İngiltərə), Brian Xil (“Sevilya”), Viktor Qomes, Nil Ximenes (hər ikisi “Espanyol”), Viktor Çust, Antonyo Blanko, Məhəmməd Muklis, Pedro Ruis (hamısı “Real”), Roberto Lopes (“Real Sosyedad”), Uqo Quylyamon, Feran Tores (hər ikisi “Valensiya”), Mark Vidal (“Vilyarreal”).
Qeyd edək ki, Avropa çempionatının elit raunduna hazırlaşan U-19 millimiz fevralın 10-dan 18-dək İspaniyanın adıçəkilən bölgəsində təlim-məşq toplanışında olacaq. Bu müddətdə komandamız fevralın 12-də İspaniya U-19-u, 14-də yerli “Ranero” klubu və ayın 17-də Şotlandiya U-19-u ilə gücünü sınayacaq. İspanlarla görüş Bakı vaxtı ilə saat 21:00-da, şotlandlarla qarşılaşma isə 20:00-da start götürəcək.
Səbuhi MUSAYEV