Məşhur ingilis futbol saytı Goal.com Qazaxıstanın “Astana” klubunu Azərbaycandan olan komanda adlandırıb.
Oxu.Az Vesti.kz-ya istinadən xəbər verir ki, materialın müəllifi komandanın Çempionlar liqasında iştirak edən xəsarət almış oyunçuları haqqında məqalədə oyundan bir gün öncə, dünən yazıb:
“Azərbaycanlılar çox güman ki, səhhətində problemlər olan Nemanya Maksimoviçsiz oynayacaqlar, onun çərşənbə günü Bakıda meydana çıxacağı da şübhə altındadır”.
Xarici idman KİV-i Qazaxıstan və Azərbaycanı tez-tez səhv salırlar. Belə ki, avqustda Rusiyanın “Sovetski sport” qəzetinin saytı Azərbaycanın “Qarabağ” klubunu Qazaxıstan komandası adlandırıb. Tezliklə Çempionat.com saytı Twitter-də də eyni səhvi buraxdı.
Ümumiyyətlə, Qazaxıstan tez-tez xarici nəşrlərin coğrafi səhvlərinin qurbanına çevrilir. Avqustda Britaniyanın “The Independent” qəzeti “Astana”nı Əfqanıstan komandası adlandırıb. Daha sonra redaksiya jurnalistin səhvi üçün üzr istəyib.
F.H.
www.oxu.az