Güləş millilərimizin sentyabrın 3-dən 11-dək Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunları üçün yekun heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, sərbəst və qadın güləşi üzrə yarışlarda 23 yaşadək idmançılar çıxış edəcək. Yunan-Roma güləşi üzrə mübarizə isə 20 yaşadək olan pəhləvanlar arasında baş tutacaq.
Sentyabrın 3-də klassik güləşlə məşğul olanlar xalça üzərinə çıxacaq. Növbəti gün isə sərbəst və qadın güləşçilər qüvvələrini sınayacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:00-da start götürəcək.
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət millimiz böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ümidəli Musayev (63 kq), Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (72 kq), Elcan Məmmədov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) sərbəst güləş üzrə yarışda uğur qazanmağa çalışacaq.
Qadınlara gəlincə, məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (59 kq) və Birgül Soltanova (62 kq) Kazanda çıxış edəcək.
Onu da bildirək ki, ilkin heyətlə müqayisədə yekun heyətdə üç dəyişiklik olunub. Yunan-Roma güləşində Elmir Əliyevi Nihad Quluzadə, Xasay Həsənlini Qurban Qurbanov, sərbəst güləşdə isə Turan Bayramovu Namus Orucov əvəzləyib.
Yunan-Roma güləşində Murad Əhmədiyev və qadın güləşində Ceyla Nağızadə son anda heyətdən çıxarılıb.
Qeyd edək ki, komandalarımız bu gün səhər saatlarında Rusiyaya yollanıb. Beynəlxalq dərəcəli hakimlərimizdən Vüqar Şükürovla Əli Babayev I MDB Oyunlarında ədaləti qoruyacaq.