Qan Turalı yazır...
Düzgün diaqnoz müalicənin yarısıdır. Ölümlərin səbəbi də bir çox hallarda məhz səhv diaqnozdur. Və bu tendensiya cəmiyyətin həyatında da belədir.
Marks Engelsə yazdığı məktubların birində cəmiyyət həyatında baş verən dəyişikliklərin əsas səbəbinin iqtisadi amillər olduğunu göstərərək deyirdi ki, bu heç də digər səbəbləri görməməzliyə vurmaq deyil, ancaq iqtisadi səbəblər əsas, digərləri isə ikinci dərəcəlidir.
Misallara baxaq. İspaniya əvəzinə Səfəvilər və ya Osmanlı Amerikanı kəşf və ya işğal edə bilməzdimi? O zaman yeni dünyanın bütün sərvəti bu ölkələrin xəzinələrinə axardı. Çox cazibədar görünsə də, elə deyil. Əlbəttə, tarixdə təsadüflərin də yeri var, ancaq zərurət başqadır. İspan kralı Ferdinandın Kolumbun səfərini maliyyələşdirməkdə bircə məqsədi vardı: Hindistana dəniz yolunu kəşf etmək. O dövrdə yanlış olaraq İspaniyadan qərbə, Amerikanı keçməklə Sakit okean üzərindən Hindistana dəniz yolu daha qısa sayılırdı, nəinki Afrikanı dolanmaqla (Süveyş kanalı onda yox idi). Kolumbun səfəri yanlış hipotez üzərində qurulmuşdu. Ona görə də Amerikanı Hindistan saydı. Ancaq həm Osmanlının, həm də Səfəvilərin Hindistana qısa dəniz yolunu tapmaq və ya yeni ərazilər işğal etmək dərdi yox idi. Onsuz da Hindistana yaxın idilər və ora gedən yollar bu ölkələrin nəzarətində idi. Eləcə də hər iki imperiyanın nəzarətində çox böyük torpaqlar vardı və əlavə torpağa da ehtiyac da yox idi. Göründüyü kimi həyat çayxanada danışılanlar qədər sadə deyil.
Qayıdaq Əfqanıstana. Bu ölkə mütləqiyyəti, kral hakimiyyətini 1973-cü ildə ancaq devirə bilib. Bir müddət sonra kommunistlər hakimiyyətə gəldilər və onu əldə saxlamaqda çətinlik çəkərək Sovet qoşunlarını çağırdılar. Bir ölkə düşünün ki, ərazisi dağlıqdır, kommunikasiya çox çətindir, mərkəzin əyalətlərə təsiri çox aşağıdır, təhsil səviyyəsi acınacaqlıdır. Müasirləşmə prosesi çox geriyə düşüb. Müxtəlif etnik qruplar vahid millət şəklində bütövləşə bilməyib. Əfqan milli şüuru deyilən bir şey yoxdur, olsa belə epizodikdir. Üstəlik, Əfqanıstan xarici qüvvələrin təcrübə mərkəzi, döyüş meydanıdır.
Avropanın XVII-XVIII əsrdə yaşadığı postmonarxiya dövrünü onlar indi yaşayır. Təsəvvür edin ki, prezident Tərəqqini həbs edib öldürürlər, yerinə keçən Həfizulla Əmini də Sovet qoşunları qətlə yetirir. Sovet qoşunları Əfqanıstanı tərk etdikdən sonra prezident Nəcibullanı da Taliban edam edir. Talibanın devirdiyi, ancaq BMT-nin rəsmən tanıdığı prezident Bürhanəddin Rəbbani Taliban terroru nəticəsində həyatını itirir... Belə bir xaos içində olan ölkədən danışırıq.
Əfqanıstanla müzakirələrdə Atatürk tez-tez xatırlanır. Əslində Məmməd Əmin də bu kontekstdə parlaq bir nümunə göstərmişdir. Ancaq... Hər iki liderin böyük xarizmasını, uzaqgörənliyini qeyd etməklə yanaşı Əfqanıstanın 2021-ci ildə belə 1918-in Azərbaycanı, 1923-ün Türkiyəsindən çox-çox gerilərdə bir ictimai şüura, sənayeyə, mədəni səviyyəyə malik olduğunu xatırlatmaq gərəkdir. Bu ictimai situasiyanı nəzərə almadan liderlərin fəaliyyəti səhrada gəmiçilik stajı keçməyə bənzəyərdi. Bu məqamda liderlərin cəmiyyəti dəyişmək qüdrətində olduğunu, ancaq bu qüdrətin və gücün ictimai inkişafın ancaq bir amilindən başqa bir şey olmadığını da bilmək gərəkdir.
İslam modernizminin mühüm simalarından olan Cəmaləddin Əfqaninin varlığı və əsərləri isə bugünkü Taliban müstəvisində acı bir təbəssüm doğurur.
Əfqanıstandan yüksək intellektual-mədəni irsi olan İran belə şah rejiminin süqutundan sonra ondan daha mürtəce bir siyasi quruluşla üzləşdi. Çünki modernləşmə prosesini aparacaq kifayət sayda ziyalıya, mənəvi gücə, bazaya malik deyildi. Bu konteksdə Azərbaycanın islam dünyasının sözün həqiqi mənasında modernləşməyi, dini fundamentalizm ənənələrinin əsas olmadığı bir ölkə kimi əhəmiyyəti də məlum olur. Və XXI əsr dünyasında və sözsüz ki, gələcək üçün də dünyəvilik, demokratiya, insan hüquqları kimi anlayışlar həyati əhəmiyyət daşıyır.
İctimai inkişafdan, mədəni tərəqqidən geri qalan Əfqanıstan kimi ölkələrin və onların xalqlarının acı taleyi bəşər vicdanında açılan yaradır. Ancaq əvvəlcə bu yaranı görmək, sonra ona məlhəm qoymaq lazımdır.
Mirzə Fətəli Axundov “Kəmalüddövlənin məktubları”nda yazır: “Ey əhli-İran. Sən azadlıq nəşəsindən və insan hüquqlarından xəbərdar olsaydın, bu rəzalətə dözməzdin. Sən yekdilliklə inqilab edərək köləlikdən xilas olmalısan”. (Sadələşdirmə - Q.T.)
Bu söz elə bugünkü Əfqanıstan üçün deyilibdir.