Futbol üzrə Hollandiya millisinin sabiq yarımmüdafiəçisi Endi van der Meyde ölkəsinin mətbuatına verdiyi müsahibədə bildirib ki, Azərbaycanda oynamaq barədə təklif alıbmış.
Vi.nl saytı xəbər verir ki, 2004-cü ilin Avropa çempionatının yarımfinalçısı, ölkəsində “Ayaks”, “Tvente”, PSV, İtaliyada “İnter”, İngiltərədə “Everton” kimi klubların formasını geyinmiş veteran karyerasının sonlarında Azərbaycandan gələn təklif barədə deyib:
“Azərbaycanda iki il ərzində 1,2 milyon qazana bilərdim. Lakin artıq futbol oynamaq istəmirdim. Həyatımda ilk dəfə gözdən itmək istəyirdim”.
40 yaşlı van der Meyde bildirib ki, karyerasını bitirəndən sonra Amsterdamda yerləşən evində əyləncə məclisləri qurub:
“Azadlığın dadını çıxarırdım. İçki, narkotik, qızlar... İstədiyimi edirdim”.
Sabiq futbolçu millidə bir yerdə oynadıqları Vesli Sneyder haqda da fikirlərini bölüşüb. O qeyd edib ki, Sneyder artıq rahib kimi yaşamamalı, futbol karyerasına son qoymalı və həyatdan həzz almalıdır.