Aprelin 6-da Bakı Turizm Peşə Məktəbində I Avropa Oyunlarına hazırlıqla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində paytaxtda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təlim-tədris kursları başlanıb.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov bildirib ki, Azərbaycan və Türkiyə nazirliklərinin əməkdaşlığı çərçivəsində artıq 10 ilə yaxındır ki, respublikamızın turizm potensiallı şəhər və rayonlarındakı mehmanxana işçiləri üçün mütəmadi olaraq bu tipli kurslar təşkil edir.
“Ölkənin müxtəlif regionlarında reallaşdırılan treninqlər mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına dəstək məqsədi daşıyır. Budəfəki kurslar eyni zamanda ölkəmizin iyun ayında ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlıqla bağlı təşkil olunub” - deyə, nazirliyin məlumatında deyilir.
Kurslara Bakı şəhərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin 106 nəfər əməkdaşı cəlb edilib. Treninqlərdə 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilk, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcəklər.
Qeyd edək ki, kurslar aprelin 13-dək davam edəcək. Sonda dinləyicilərə iştirakla bağlı müvafiq sertifikatlar təqdim ediləcək.