Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
Oxu.Az Apasport.az saytına istinadən xəbər verir ki, yarışın ikinci günü daha 2 həmyerlimiz tatamiyə çıxacaq.
İlk görüşdən azad olan Rüstəm Orucov 1/16 final mərhələsində moldovalı İqor Soroka ilə güləşib. O, rəqibini tatamiyə çıxmağa peşman edərək, cəmi 16 saniyəyə təmiz qələbə qazanıb.
Cüdoçumuz ikinci görüşündə Sergey Drebotla (Ukrayna) üz-üzə gələcək.
Orucov kimi Məmmədəli Mehdiyev də Monpelyedə 1/16 finalda debüt edəcək. Həmyerlimiz yunanıstanlı Aleksios Ntanatsidislə gücünü yoxlayacaq.
Qeyd edək ki, Fransaya 10 idmançı ilə yollanan Azərbaycan millisinin artıq 4 cüdoçusu çıxışını başa vurub. Onlardan yalnız İlqar Müşkiyev (60 kq) bürünc medal qazanıb. Digər 4 idmançımız isə sabah qüvvəsini sınayacaq.