Karate üzrə milli komandanın liderləri Rafael Ağayev və İrina Zaretskayanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Karate Federasiyasından məlumat verilib. Rabat və Madrid Premyer Liqa yarışlarının, eləcə də Bakıdakı Avropa çempionatının koronavirusa görə ləğv olunmasından sonra Dünya Karate Federasiyası (WKF) Olimpiya reytinqi ilə lisenziya qazanan karateçilərin adlarını açıqlayıb.
WKF-in açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk "dördlüy"ündə yer almaqla Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanan R.Ağayev 75 kq çəkidə, İ.Zaretskaya isə +61 kq çəki dərəcəsində yarışacaq.
Rafael Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Buza (İtaliya), Stanislav Qoruna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nisimura var. İrina Zaretskayanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Çuiritsi (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Ayumi Uekusa (Yaponiya) yer alır.
İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin olimpiya lisenziyası qazanması 26-28 iyunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya təsnifat turnirində məlum olacaq. Burda hər kateqoriya üzrə ilk "üçlük"də yer alan 24 idmançı Olimpiadaya birbaşa vəsiqə qazanacaq. Daha 12 karateçiyə isə xüsusi dəvətnamə əsasında Tokioda yarışmaq hüququ əldə edəcək.
Qeyd edək ki, indiyədək Azərbaycan Olimpiadaya 15 vəsiqə qazanıb.