Serbiya Futbol İttifaqı (FSS) 2027-ci ildə keçiriləcək FIFA prezident seçkisində Canni İnfantinonun namizədliyinə verdiyi dəstəyi geri götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb.
Bununla da Serbiya İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edən üçüncü futbol federasiyası olub. Bundan əvvəl Uels və İsveç Futbol Assosiasiyaları da analoji qərar qəbul ediblər. "Reuters" agentliyinin məlumatına görə, İngiltərə Futbol Assosiasiyası da eyni addımı atmağa hazırlaşır.
Serbiya Futbol İttifaqı bu qərarı FIFA və onun prezidentinin nüfuzuna ciddi zərbə vuran hadisələrdən sonra verilmiş yeganə məntiqli və əsaslandırılmış addım kimi qiymətləndirib.
"Futbolun gələcəyi üçün strateji əhəmiyyət daşıyan heç bir qərar bütün maraqlı tərəflərlə geniş məsləhətləşmələr və ümumi razılıq əldə olunmadan qəbul edilməməlidir", - deyə qurumun açıqlamasında bildirilib.
İsveç Futbol İttifaqı Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezident seçkisində Canni İnfantinonun namizədliyini dəstəkləməmək qərarı verib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytının mətbuat xidməti məlumat yayıb.
İsveç Futbol İttifaqının sədri Simon Estrem bildirib ki, qərar İdarə Heyətinin avqustun 3-də keçirilən növbədənkənar iclasında qəbul olunub.
"İdarə Heyətinin avqustun 3-də keçirilən növbədənkənar iclasında Canni İnfantinonun rəhbərliyinə artıq etibar etmədiyimiz barədə qərar qəbul etdik", - deyə Estrem vurğulayıb.
Onun sözlərinə görə, uzun müddətdir FIFA-nın fəaliyyətində idarəetmə, şəffaflıq və korporativ məsuliyyətlə bağlı təkrarlanan problemlər müşahidə olunur.
"Futbol açıqlıq, məsuliyyət və demokratik prinsiplərə hörmət əsasında idarə olunmalıdır. Əgər rəhbərlikdə artıq bu prinsipləri görmürüksə, hərəkətə keçməliyik. Buna görə də UEFA və digər milli assosiasiyalarla birlikdə alternativ namizədin müəyyənləşdirilməsi üçün çalışacağıq", - deyə Estrem əlavə edib.
Qeyd edək ki, İsveç Canni İnfantinoya dəstəyini geri götürən ikinci ölkədir. Bundan əvvəl analoji qərarı Uels Futbol Assosiasiyası qəbul etmişdi.
Uels Futbol Assosiasiyası Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) növbəti prezident seçkisində Canni İnfantinonun namizədliyinə verdiyi dəstəyi rəsmən geri çəkib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu, hər hansı bir futbol təşkilatının İnfantinoya dəstəkdən açıq şəkildə imtina etdiyi ilk belə hal kimi tarixə düşüb.
Xatırladaq ki, bir müddət əvvəl İnfantino dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmağı təklif etsə də, müxtəlif təşkilatların sərt tənqidləri qarşısında bu fikrindən daşınmaq məcburiyyətində qalmışdı. FIFA-nın planı qurumun əsas kişi və qadın yarışlarına nəzarət edəcək yeni bir şirkətin yaradılmasını nəzərdə tuturdu. İnfantinonun fikrincə, "FIFA Forward Enterprise" adlı şirkətin qurulması FIFA-ya üzv olan assosiasiyaların gəlirlərini artıracaq və qlobal miqyasda futbolun inkişafına təkan verəcəkdi. FIFA-dan bildirilmişdi ki, bu qlobal sxem 4.2 milyard dollar cəlb edə bilər. Lakin bu təşəbbüs funksionerlər, federasiyalar və digər qurumlar tərəfindən kütləvi şəkildə tənqid və pislənməyə məruz qaldı. Jurnalist Romen Molina isə funksionerin təşkilat daxilində dəstəyini itirdiyi üçün İnfantinonun tezliklə istefa verəcəyini açıqladı.
İnfantinonun bu səs-küylü təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən qətiyyətlə rədd edildi. Hətta UEFA bu təşəbbüsə görə FIFA bayrağı altında keçirilən turnirlərə boykot elan etdi. Daha sonra, İnfantino layihənin dayandırıldığını elan etdikdə, UEFA onun FIFA lideri kimi etimadını tamamilə itirdiyini bəyan etdi.
"The Telegraph" nəşrinin məlumatına görə, əgər funksioner tutduğu vəzifəni öz istəyi ilə tərk etməkdən imtina edərsə, Avropa təşkilatı ona etimadsızlıq votumu irəli sürmək niyyətindədir. Nəşr, həmçinin qeyd edir ki, Avropa assosiasiyaları İnfantinoya göndərdikləri dəstək məktublarını da geri çağırmağı planlaşdırır. Qeyd edək ki, ilkin olaraq UEFA-nın 55 üzvündən 52-si (Almaniya, Rumıniya və Norveç istisna olmaqla) onun namizədliyini dəstəkləmişdi.
Hazırda 56 yaşı olan İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA-nın rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternativsiz əsasda yenidən bu posta təsdiqlənib. FIFA rəhbəri postuna növbəti seçki 2027-ci ilin martında baş tutacaq.