Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İngiltərə Premyer Liqası: "Liverpul" "Nyukasl"a şans vermədi
İngiltərə Premyer Liqasında 27-ci tur matçı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, lider "Liverpul" çempionatın iddialı klublarından olan "Nyukasl"ı qəbul edib.
Mersisaydlılar rəqibin qapısından 2 cavabsız top keçiriblər - 2:0.
Bu nəticədən sonra "Liverpul" 67 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Komanda ən yaxın izləyicisi "Arsenal"dan 1 oyun çox keçirməklə "topçular"ı 13 xal qabaqlayır. "Nyukasl" isə 44 xalla 6-cı yeri tutur.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının (İPL) növbəti turunda "İpsviç" üzərində əzmkar qələbə qazanıb.
Oxu.Az xəbər verir, 27-ci tur çərçivəsində baş tutmuş matçda "qırmızı şeytanlar" rəqibini 3:2 hesabı ilə üstələyiblər.
Mançester təmsilçisi oyunun ilk dəqiqələrində qol buraxsa da, sonradan qarşılaşmada üstünlüyü ələ alaraq vacib qələbə əldə edib. "Mançester Yunayted" bu qələbə sayəsində xallarını 33-ə çatdıraraq 13-cü pilləyə yüksəlib. Hesabında 17 xal olan "İpsviç" 18-ci yerdə qalıb.
Turun digər matçında "Mançester Siti" səfərdə "Tottenhem" ilə üz-üzə gəlib. Qarşılaşma "şəhərlilər"in minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 12-ci dəqiqədə Erlinq Holand vurub.
Aktivinə növbəti üç xal yazdıran "Mançester Siti" xallarını 47-yə çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. "Tottenhem" isə 33 xalla 14-cü pilləyə geriləyib.
Çempionluq uğrunda mübarizə aparan "Arsenal" bu tur səfərdə "Nottingem Forest"in qonağı olub. Oyunda qol səsi eşidilməyib. Bununla da "topçular" çempionluq yarışında vacib iki xal itiriblər.
London təmsilçisi 54 xalla ikinci yerdəki mövqeyini qoruyub. Heç-heçə isə "Nottingem Forest"i (33 xal) dördüncü pilləyə salıb.