İtaliyanın "Leççe" klubunun və Zambiya millisinin hücumçusu Lamek Banda artıq iki həftədir ki, komandası ilə əlaqəyə çıxmır.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Futbolçunun müqavilə müddəti başa çatdıqdan sonra "Leççe" anlaşmanı 2027-ci ilə qədər uzatmaq variantını işə salıb.
Həmin ərəfədə Banda Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubu ilə danışıqlar aparıb və agentlərinə pasportla bağlı bəzi məsələləri həll etməli olduğunu bildirib.
İyulun 23-də hücumçunun Zambiyanın paytaxtı Lusakadakı hava limanında şəkli yayılıb. Lakin həmin vaxtdan etibarən idmançının harada olması barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2022-ci ildən "Leççe"nin şərəfini qoruyur.