"İngilis klubları çox sürətli və fiziki cəhətdən güclü komandalardır".
Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin hücumçusu Kamilo Duran deyib.
O bildirib ki, oyuna yaxşı hazırlaşıblar:
"Bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlər önündə mübarizə aparacağıq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bu mövsüm uğurlu keçir, buna görə çox xoşbəxtəm. Kolumbiya millisində oynamaq mənim uşaqlıq arzumdur. Hər kəs üçün dünya çempionatında oynamaq çox xoş olardı. Milli komandada oynamaq üçün bu performansımı davam etdirməliyəm. Kolumbiya millisindən hər hansısa bir təklif almamışam.
Təbii ki, mənim üçün "Qarabağ"la bu yolu keçmək böyük xoşbəxtlikdir. Bilirəm ki, gəncəm, karyeramı daha da zənginləşdirmək üçün davam etməliyəm".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.
Murad Nəsimi