UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksələn klublarımızın oyunlarını idarə edəcək hakimlər bəlli olublar.
Oxu.Az xəbər verir ki, Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər. Görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.
Ona Ovan Nadvornik və Yan Vana köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək. VAR-da Tomas Kocourek, AVAR-da Miroslav Zelinka əyləşəcəklər.
Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu isə Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Duje Strukana Alen Jakşiç və Marjan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR-da Mario Zebec, AVAR-da Ante Culjak əyləşəcəklər.
Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. "Liv Bona Dea Arena"da baş tutacaq "Araz-Naxçıvan" - "Omoniya" matçı isə saat 20:00-da başlayacaq.