Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kokauri Azərbaycana DÇ-də gümüş medal qazandırdı - YENİLƏNİB
Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında (DÇ) ikinci medalını qazanıb.
Oxu.Az xəbər verir ki, Gürcüstandan olan legionerimiz Uşanqi Kokauri (+100 kq) finalda həmyerlisi Quram Quşişvili ilə qarşılaşıb.
Kokauri əsas vaxtın bitməsinə dörd saniyə qalmış ippon fəndinə düşərək uduzub. O, gümüş medal qazanıb. Bu, Kokaurinin karyerasında qazandığı ən yüksək tituldur.
Qeyd edək ki, bundan əvvəl 73 kq çəki dərəcəsində güləşən Hidayət Heydərov bürünc medal qazanmışdı.
Xatırladaq ki, sabah DÇ-də son gündür. Son gündə qarışıq komanda yarışları keçiriləcək. Millimiz ilk görüşünü Avstriya yığmasına qarşı keçirəcək.
17:24
+100 kq çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legionerimiz Uşanqi Kokauri tarixində ilk dəfə böyüklər arasında dünya çempionatının finalına çıxıb.
Oxu.Az xəbər verir ki, o, yarımfinalda Bəymurad Altıboyevi 25 saniyəyə ippona salıb. Onun finaldakı rəqibi gürcüstanlı Quram Quşişvili olacaq.
17:00
+78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya təsəlliverici yarışın ilk görüşündə məğlubiyyətlə barışmalı olub.
Oxu.Az xəbər verir ki, o, türkiyəli Kayra Sarıta əlavə vaxtda uduzaraq mükafatsız qalıb.
12:42
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, bu gün idmançılarımızdan ikisi mübarizəyə qoşulub.
+100 kq çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legionerimiz Uşanqi Kokauri 1/16 finalda belaruslu, 1/8 finalda ukraynalı və 1/4 finalda çexiyalı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda özbəkistanlı Bəymurad Altıboyevlə qarşılaşacaq.
+78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya isə 1/16 finalda litvalı, 1/8 finalda puerto rikolu rəqiblərini məğlub etsə də, 1/4 finalda bosniyalı Larisa Çeriçə ipponla məğlub olub.
Cüdoçumuz bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək. Bu mərhələdə Kindzerskayanın ilk rəqibi türkiyəli Kayra Sayıt olacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər