Türkiyənin dövlət telekanalı olan TRT "X" sosial şəbəkəsində yaydığı məlumatda idman şərhçisi Murat Ekrem Çimenin Dünya Çempionatı matçlarından kənarlaşdırıldığını elan edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqallı hadisə qrup mərhələsi çərçivəsində baş tutan və 2:2 hesabı ilə yekunlaşan İran - Yeni Zelandiya qarşılaşmasının canlı yayımı zamanı qeydə alınıb.
Çimen təxminən dörd dəqiqə ərzində komandaları səhv salaraq, bir yığmanın oyunçularını digərinin təmsilçiləri kimi təqdim edib.
Belə ki, matçın ilk dəqiqələrində İran tərəfindən həyata keçirilən hücumlar izləyicilərə Yeni Zelandiyanın həmlələri kimi çatdırılıb.
Şərhçinin bu kobud xətası Türkiyənin sosial şəbəkə seqmentində böyük ajiotaj yaradıb. İzləyicilər TRT-nin idman redaksiyasının işini kəskin tənqid edərək, yayımçı rəhbərliyindən təcili açıqlama tələb ediblər.
Baş vermiş hadisəyə reaksiya verən telekanal, rəsmi açıqlamasında bu halı yayım standartları baxımından qəbuledilməz adlandırıb və tamaşaçılardan üzr istəyib. Qurumdan bildirilib ki, xəta ilə bağlı artıq inzibati və yoxlama prosedurlarına başlanılıb. Murat Ekrem Çimen dərhal ABŞ-dəkı işindən uzaqlaşdırılıb və turnirin qalan oyunlarını şərh etməyəcək.
Xatırladaq ki, builki dünya çempionatı ilk dəfə olaraq 48 milli komandanın iştirakı ilə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ərazisində keçirilir. İyunun 11-də start götürən turnirə iyulun 19-da yekun vurulacaq.