Yarımyüngül və yüngül çəki dərəcələrində keçmiş UFC çempionu Konor Makqreqor ABŞ-li Castin Qeyci və rusiyalı İslam Maxaçevlə yüngül və yarımorta çəkidə döyüşməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın RBK-ya istinadən xəbərinə görə, Konor Makqreqor bu barədə "The Ariel Helwani Show" verilişində danışıb.
"Qeyci formada olduğu zaman yaxşıdır. Amma formada olmayanda sadəcə olaraq dəhşətlidir. Əminəm ki, onu asanlıqla məğlub edə bilərəm. Qeyci ilə döyüşü səbirsizliklə gözləyirəm. İslam - orada bir tarix var. Mən buna açığam. Mən hər iki varianta açığam", - deyə o bildirib.
Konor Makqreqor növbəti döyüşünü iyulun 12-də Las-Veqasda "UFC 329" turnirində ABŞ-li Maks Holloueyə qarşı keçirəcək. İrlandiyalı üçün bu, beş ildən sonra ilk döyüş olacaq - o, sonuncu dəfə oktaqona 2021-ci ildə "UFC 264" turnirində ABŞ-li Dastin Poryeyə qarşı döyüşdə çıxıb. Döyüş ilk raundda başa çatıb və o zaman irlandiyalının ayağı sınıb.
Makqreqorun aktivində MMA-da 22 qələbə və 6 məğlubiyyət var. İrlandiyalı eyni vaxtda müxtəlif çəki dərəcələrində (yarımyüngül və yüngül) iki titula malik olan ilk UFC döyüşçüsü olub.
İyunun 15-də Qeyci Ağ Evdə keçirilən turnirdə İliya Topuriyanı məğlub edərək yüngül çəkidə UFC titulunu qazanıb. Onun aktivində 28 qələbə və 5 məğlubiyyət var.
İslam Maxaçev yarımorta çəkidə titulunu saxlayır və çəki kateqoriyalarından asılı olmayaraq ən yaxşı UFC döyüşçülərinin reytinqinə liderlik edir. Onun hesabında 29 döyüşdə 28 qələbə var.