"Formula-1" Azərbaycan Qran-prisinin təşkilində könüllü kimi fəaliyyət göstərən gənclər qazandıqları təcrübənin gələcək karyeralarına mühüm töhfə verdiyini bildiriblər.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin könüllüləri müxtəlif illərdə qazandıqları təcrübədən və bu fəaliyyətin karyeralarına təsirindən danışıblar.
Bakı Şəhər Halqasının könüllüsü Səfəddin Quliyev artıq 4 ildir proqramda iştirak etdiyini bildirib.
"Mən Səfəddin Quliyev. Artıq 4 ildir ki, Bakı Şəhər Halqası könüllülərində fəaliyyət göstərirəm və hər il fərqli komandalarda çalışmışam. Bu il artıq mənim 4-cü ilimdir və "Spectator Services" komandasında fəaliyyət göstərmək arzusundayam. Mənimlə birlikdə könüllü olmaq istəyən bütün dostlarıma uğurlar arzulayıram. Könüllülüyün karyeramız üçün nə qədər faydalı olduğunu anlamalarını istəyirəm", - deyə o qeyd edib.
2024-cü ildə "Formula-1" üzrə Azərbaycan Qran-prisində könüllü kimi fəaliyyət göstərən Röya Fərəcova isə bu təcrübənin hazırda Bakı Şəhər Halqasında əməkdaş kimi fəaliyyət göstərməsinə töhfə verdiyini vurğulayıb:
"2024-cü ildə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkil etdiyi "Formula-1" Azərbaycan Qran-prisində könüllü fəaliyyət göstərmişəm. Könüllülük müddətində komanda ilə işləmək, insanlarla daha yaxından ünsiyyət qurmaq və tədbir zamanı yaranan situasiyalara operativ yanaşmaq bacarıqlarımı inkişaf etdirdim. Bu təcrübə hazırda BŞH-də əməkdaş kimi fəaliyyət göstərməyimə də töhfə verib".
O əlavə edib ki, beynəlxalq tədbirlərdə də könüllü fəaliyyətini davam etdirib və bu sahəyə marağı daha da artıb.
Digər könüllü Ədalət Məmmədov isə 2023 və 2024-cü illərdə "Formula-1" yarışlarında, eləcə də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkil etdiyi digər idman tədbirlərində könüllü kimi fəaliyyət göstərib.
"2025-ci ildə BŞH Akademiyasında ofis könüllüsü kimi fəaliyyət göstərdim və hazırda işçi qüvvəsi üzrə komanda üzvü kimi çalışıram. Düşünürəm ki, könüllü təcrübəm həyatımda çox şey dəyişdi. Korporativ mühitə adaptasiya olmağı, komanda ilə birlikdə işləməyi və məsuliyyətli olmağı öyrəndim", - deyə Ə.Məmmədov söyləyib.
Könüllülər proqramın iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb və əldə etdikləri təcrübədən maksimum yararlanmağın vacibliyini vurğulayıblar.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda baş tutacaq.