P.Diddi ləqəbi ilə tanınan məşhur prodüser Şon Con Kombs 1996-cı ildə repçi Tupak Şakurun qətlə yetirilməsi ilə əlaqədar ittihamlarla üzləşə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.
Nəşrin mənbəyinə görə, prokurorlar "Compton Crips" qruplaşmasının keçmiş lideri Dueyn Kit Devisin Tupakın qətlinin təşkilində iştirakını sübut edə bilsələr, bu halda ittiham tədbirləri Şon Kombsa da şamil edilə bilər.
Avqustun 18-də Tupakın qətli ilə əlaqədar cinayət işi üzrə birinci məhkəmə dinləməsi keçirilib. Devis ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. Təxminən bir ay davam edəcəyi gözlənilən məhkəmə prosesinin yekununda 63 yaşlı sabiq qruplaşma rəhbəri günahkar bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.
2023-cü ildə Devisin evində axtarışlar aparılıb, bir neçə kompüter, fotoşəkillər olan qutular və Şakur cinayətinə aid sənədlər müsadirə edilib. "Compton Crips"in keçmiş başçısı elə həmin ilin sonlarında həbs olunub. Saxlanıldıqdan sonra Devis Tupakın qətlini P.Diddi kimi tanınan prodüser Şon Con Kombsun sifariş etdiyini bildirib.
Xatırladaq ki, 13 sentyabr 1996-cı ildə Las-Veqasda naməlum şəxslər 25 yaşlı Tupak Şakurun olduğu avtomobili atəşə tutublar. Repçi hadisədən bir neçə gün sonra vəfat edib.