Təhməz Əsəd yazır...
Hər bir əfsanə məğlubiyyətlə üzləşir, böyük qələbələri mənalı edən də məhz budur.
Lionel Andres Messi futbola əksər oyunçuların yalnız arzulaya biləcəyi bir karyera bəxş etdi: Dünya çempionluğu, saysız-hesabsız kuboklar, unudulmaz anlar və nəsillər boyu yaşayacaq xatirələr.
Leo milyonlarla insanın kumiri olmaqla yanaşı, istər milli, istərsə də klub səviyyəsində dünyanın istənilən nöqtəsində milyonların xəyallarını gerçəkləşdirən, onları bir arzu, istək ətrafında eyniləşdirən qəhrəman oldu.

Futbolun küpünə girən, futbolun hər üzünü görən adam 39 yaşında belə yenə də komandasını Dünya Kubokunun finalına daşıdı, turnirdə 8 qol, 4 assistlə yeni bir tarix yazdı. Leo altı dünya çempionatında ümumilikdə 21 qolla futbol tarixində silinməyəcək iz buraxdı.
Messi milyonlarla insanın uşaqlığını, xəyallarını və futbol sevgisini formalaşdırdı. Onun vurduğu qollar, etdiyi assistlər, az qala hər çıxdığı matçda klub və milli səviyyəsində qırdığı yeni rekordlardan danışmaq fikrim yoxdur. Çünki əksərində öz rekordlarını təzələyən Messidən söhbət gedir.
Hər şeyin əvvəli olduğu kimi, sonu da olur. Amma bəzilərinin yaratdığı hisslər heç vaxt bitmir, Messi də elə...

O, karyerası boyunca Mikelancelonun mərmərə toxunduğu kimi, topa toxundu. Tamamladığı əsər qarşısında ötən gecə təzim edərək son dünya çempionatı səhnəsindən getdi. Nəticədən asılı olmayaraq ayaqları ilə rəsm çəkən Messi əbədi zəfəri qazandı. İllər sonra bir çoxları bu DÇ ilə bağlı çox şeyləri, hətta hesabı da unudacaqlar, ancaq Leonel Messini unutmaq artıq müşküldür.
Ona dünya futbolunun ən tanınmış simaları belə "yadplanetli" deyirdilər.
Futbol bəstəkarı ötən gecə təkcə dünya çempionatı ilə vidalaşmadı, finalın keçirildiyi Nyu-York şəhərindəki "MetLayf" stadionun yaxınlığında bəlkə də uçan naməlum "boşqab"da Messini gözləyirdilər, onu aparmağa gəlmişdilər.

Gecə saatlarında dünyanın eyni anda oyaq qaldığı mundialın final fitindən sonra tribunalar argentinalı əfsanənin adını bir nəfər kimi səsləndirərək ona ehtiramlarını növbəti dəfə bildirdilər. 39 yaşlı kapitan o an göz yaşlarına hakim ola bilmədi.
Çünki o, təkcə bir final yox, ömrünün ən böyük futbol yolçuluğunun son səhifələrini yaşayan əfsanənin yaşıl meydanlarla vida anı idi.
Messi dünya futbolunun ən dəyərli daş-qaşı, heç vaxt qiymətini itirməyən mirvarisi kimi yaddaşlarda qalacaq. O, ötən gecə dünyanın on ən məşhur oğurlanmış sənət əsərindən birinə çevrildi. Futbol əfsanəsi Dieqo Armando Maradonanın dediyi hər oyunda təsdiqini tapdı: "Top heç vaxt onu satmadı, Messi də ona heç vaxt xəyanət etmədi".
Rembrandtın "Yeganə dəniz mənzərəsi"ndən, Rafaelin (Santi) avtoportretinə qədər heç vaxt tapılmayan on ən məşhur oğurlanmış sənət əsəri sırasında "Futbola Messi toxunuşu" da əlavə oldu. Onu tarix oğurladı, Missiya bitdi!
