Quba şəhərində yerləşən Azərbaycan Milli Qolf Klubunda yay mövsümünə start verilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mövsümün başlanması ilə əlaqədar mayın 21-də Milli Qolf Klubunda “Green Summer Season” adlı açılış tədbiri təşkil olunub.
Azərbaycan Qolf Federasiyasının meneceri Rüstəm Nəcəfov bildirib ki, ölkəmizdə yeni olan bu idman növünün inkişafı istiqamətində son illər bir sıra addımlar atılır. Quba Milli Qolf Klubunda beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün ideal şərait var.
Klubun qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. Cənubi Qafqazda bənzəri olmayan bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır.
R. Nəcəfov qeyd edib ki qolfun ölkəmizdə populyarlaşmsı üçün bu idman növünün məktəblərdə tədrisi ilə bağlı iş aparılır.
Mərasim iştirakçılarına Qolf Klubun imkanları və “Rixos Quba Azerbaijan” otelinin ərazisi ilə tanış olmaq imkanı yaradılıb. Bununla yanaşı, qolfsevərlər müxtəlif oyunlara və əyləncə proqramlarına qatılıblar.