İtaliyanın "Gucci" moda evi Fransanın "Alpine" komandası ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb. Razılaşmaya əsasən, 2027-ci ildən etibarən brend komandanın titul sponsoru olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə komandanın rəsmi saytında bildirilib.
Yeni mövsümdən etibarən komanda "Gucci Racing Alpine Formula One Team" adı ilə çıxış edəcək və hazırkı sponsor BWT-nin mavi-çəhrayı rənglərini dəyişərək "Gucci"nin korporativ rənglərinə keçəcək.
Şirkət həmçinin idman və lüks sektorunu birləşdirən "Gucci Racing" layihəsini təqdim edib. Layihənin loqosu qara-qızılı rənglərdə hazırlanıb.
"RacingNews365" portalının məlumatına görə, müqavilə uzunmüddətlidir və "Alpine" illik 55-60 milyon dollar gəlir əldə edəcək.
Komanda daha əvvəl də moda dünyası ilə əlaqəli olub. 1986-cı ildə onu "Benetton" markası satın almışdı. Həmin dövrdə Mixael Şumaxer burada ilk uğurlarını qazanaraq 1994 və 1995-ci illərdə dünya çempionu olmuşdu. 1995-ci ildə isə komanda Konstruktorlar Kubokunu qazanmışdı.
2026 mövsümünün ilk beş mərhələsindən sonra "Alpine" Konstruktorlar Kubokunda 35 xalla beşinci yerdə qərarlaşıb.