Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin II təsnifat mərhələsindəki rəqibləri bu gün müəyyənləşəcək.
Oxu.Az xəbər verir ki, II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.
Bəs təmsilçilərimiz üçün ən arzuolunan və ən arzuolunmaz rəqiblər hansılardır?
“Neftçi” güclülərin yer aldığı səpələnmişlər səbətində olduğundan nisbətən münasib komanda ilə üz-üzə gələcək. “Sabah” və “Qəbələ”nin isə reytinqləri aşağıdır və onları daha ciddi sınaq gözləyir.
Münasib və münasib olmayan rəqiblərin bölgüsünə gəlincə, öncə onu qeyd edək ki, burada daha yaxşı seçimlər I təsnifat mərhələsinin qalibləri olacaq. Lakin hələlik bu komandaların hansılar olacağı məlum olmadığından yalnız adı dəqiqləşən II təsnifat mərhələsi iştirakçıları üzərində dayanacağıq. Üstəlik, təmsilçilərimizdə ehtimal olunan yenilikləri nəzərə almaqda fayda var.
Baş məşqçi postunda dəyişiklik astanasında olan “Neftçi” heyətə də əl gəzdirəcək. Komandanın gözlənilən transferləri keyfiyyət vəd etdiyindən “ağ-qaralar”ın bu mövsüm avrokubokda iddialı olacaqları gözlənilir.
Potensial rəqiblərin ən münasiblərinə gəlincə, burada Moldova “Petrokub”u, Kosovo “Drita”sı, Litva “Kauno”su, Bosniya və Herseqovina “Borats”ı, Sloveniya “Çelye”si, Latviya “Auda”sı və Lüksemburq “Differdanj”ını qeyd etmək olar. Qısa siyahıdan ən münasibləri isə “Petrokub” və “Auda”dır.
“Neftçi” üçün arzuolunmaz komandalar da var. Onların arasında xüsusilə Polşanın “Poqon” və Türkiyənin “Adana Demirspor” klublarını qeyd etmək mümkündür. Digərləri “ağ-qaralar”la təxminən eyni gücdə olan kollektivlərdir.
“Sabah” və “Qəbələ”yə fərdi yanaşma vacibdir. Çünki bu komandalarda hazırkı vəziyyət fərqlidir. Paytaxt təmsilçisi ötən mövsüm uğurlu olan heyətini qorumağı bacarıb, üstəlik, yeni adlarla güclənəcəyi gözlənilir. Əyalət klubu isə əsas simalarının bəzilərini itirib, yeni transferlər barədə isə pozitiv xəbərlər gəlmir. Əksinə, yenə komandanı tərk edəcək oyunçuların olacağı gözlənilir.
Bununla belə, hər iki kollektiv üçün arzuolunmaz və arzuolunan rəqiblər təxminən eyni adlardır. Səpələnmişlər sırasında “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça”, “Beşiktaş” (hər ikisi Türkiyə), ÇFR (Rumıniya), “Midtülland” (Danimarka), PAOK, “Aris” (hər ikisi Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex”, “Legiya” (hər ikisi Polşa) kimi adlar var ki, bu komandalara qarşı nə zəifləyən “Qəbələ”nin, nə Avropada debüt edəcək “Sabah”ın şansı var.
Münasib rəqib seçmə cəhdləri isə təxminən Norveç “Rusenborq”u, Slovakiya “Spartak”ı və Finlandiya “KuPS”u ilə məhdudlaşır.
Qeyd edək ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Faiq Tahirov