“Karantin dövründə hamı kimi səbirli olmağa çalışıram. Formamı saxlamaq üçün məşq edirəm. Mənzilimdə geniş eyvan var. Bütün məşqlərimi orada edə bilirəm”.
Oxu.Az xəbər verir ki, bunu Çilinin latercera.com saytına müsahibəsində “Neftçi”nin sabiq futbolçusu İqnasio Erera deyib.
32 yaşlı hücumçu bu ildən Ekvadorun “Musuk Runa” klubunda çıxış etdiyindən, həmin klubun təmsil etdiyi Ambato şəhərində yaşayır. O, 7161 nəfərin koronavirusa yoluxduğu, 297 nəfərin öldüyü Ekvadordakı (Cənubi Amerikada pandemiya baxımından Braziliyadan sonra bu ölkə ən pis vəziyyətdədir – S.M.) vəziyyətdən danışıb:
“Ehtimal edirəm ki, Quayakilin (Ekvadorun ən böyük şəhəri – red.) beynəlxalq hava limanı bir çox uçuş reyslərinə sahib olduğundan, infeksiyanın ilk mənbəyi oradır. Quayakilin ən kasıb bölgələri var və burada insanlar virusa qarşı tədbir görə bilməyib.
Burada bir həftə əvvəl ciddi karantin qaydaları tətbiq edilib. Komendant saatı gündüz 12:00-dan o biri gün səhər saat 6:00-dək davam edir. Yalnız həddən artıq yoxsul olduqda və yemək tapmadıqda çölə çıxanlar olur. Düşünürəm ki, Quayakildə baş verən problemlər məhz buna görə oldu.
Əhali uşaqlarını yedirmək üçün alver etməyə və ya işləməyə məcbur idi və nəticədə virus yayıldı. Bu gün Ekvadorda koronavirus problemi nəzarətdən çıxıb. Düzdür, televizorda göstərilən görüntülər də vəziyyəti dramatikləşdirir. Bu, bütün Quayakildə olmur. Amma qorxuram”.
O, karyerası haqqında danışarkən xoşbəxt olduğu iki klubdan birinin “Neftçi”, digərinin isə Çilinin “Kobreloa” komandası olduğunu bildirib:
“Azərbaycanda “Neftçi”də oynayanda özümü əla tərəfdən göstərdim. Orada yaxşı insanlar toplaşmışdı”.
Qeyd edək ki, İqnasio Erera karyerasının ən yaxşı dönəmini məhz Azərbaycanda keçirib. 2016/17-ci illər mövsümünün qış fasiləsində Bakı klubuna qoşulan çilili forvard burada iki mövsümə 12 qol vurub.
Səbuhi Musayev