Bakıda gimnastika fənləri üzrə birləşmiş çempionatın birinci günü Azərbaycan gimnastlarının parlaq qələbələri ilə yadda qalıb.
Oxu.Az-a Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata əsasən kişilər arasında idman gimnastikası üzrə finalın nəticələrinə görə qızıl medalı və ölkənin mütləq çempionu adını Azərbaycan gimnastı Oleq Stepko (90,600 xal ilə) qazanıb, ikinci yerdə onun həmvətəni Petro Paxnyukdur (88,055 xal), Londonda keçirilən Olimpiya oyunlarının mükafatçısı xorvat Filip Ude (86,100) isə bürünc medal qazanıb.
Qızıl medal həmçinin qadınlar arasında idman gimnastikası üzrə yarışlarda Azərbaycanı təmsil edən Kristina Pravdinanın hesabındadır. Dörd yarış nəticəsində 50,339 xal qazanan gimnastımız, ölkənin mütləq çempionu olub. Ondan sonra Türkiyə nümayəndələri Tutya Yılmaz (50,131 xal) və Demet Mutlu (49,332 xal) yer alıblar.
Bu gün çempionat dörd idman növünə - batutda tullanma, aerobika, bədii gimnastika və akrobatika - həsr ediləcək. Son gün isə daha maraqlı olacaq, belə ki, bütün altı növ üzrə yarışlar keçiriləcək.
Yarışlarda 22 ölkədən 133 idmançı iştirak edir. Onların arasında bədii gimnastika üzrə ikiqat dünya çempionu, üçqat Avropa çempionu Yana Kudravseva, Olimpiya oyunlarının gümüş mükafatçısı və idman gimnastikası üzrə Avropa çempionu Filip Ude, bədii gimnastika üzrə dünya kuboklarının dəfələrlə mükafatçısı olan, ölkənin ikiqat mütləq çempionu və Avropa oyunlarının idman səfiri Marina Durunda və d. kimi dünya gimnastikasının parlaq ulduzları var.
Bu yarışların əsas fərqli cəhəti isə onların məhz Avropa oyunlarının keçiriləcəyi sxem üzrə keçirilməsidir. Bu gimnastika tarixində nümunə olacaq və aerobika və akrobatika ustalarına bədii və idman gimnastikası, eləcə də batutçular ilə eyni yerdə yarışmaq üçün gözəl imkan yaranacaq.
F.H.
www.oxu.az