“İstifadəsi qadağan olunan hər hansı preparatdan istifadə etməmişəm".
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov mətbuat üçün açıqlamasında deyib.
25 yaşlı idmançı dopinqdən tam uzaq idmançı olduğunu bildirib: “İlin əvvəlində Hindinstanda iştirak etdiyim Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik zamanı çox güman ki, orqanizmimə belə maddə düşüb. Hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qalmışam və yenə də sadiq olacağam”.
Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında zədə üzündən güləşməyəcəyini bildirib: “Azarkeşlər narahat olmasın, onsuz da zədəmlə bağlı bir müddət güləşməyəcəyəm. Əməliyyat olunmalıyam. Böyük qələbələr hələ irəlidir, Tam sağaldıqdan sonra yenidən böyük uğurlara imza atacağam”.
Qeyd edək ki, Toğrul Əsgərov 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.
11:36
London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.
Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa İttifaqında qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, “Rio-2016”-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb.
A.M.