Zaur Xudiyev yazır...
Dünən “Qarabağ”ın oyunundan əvvəl “İdman və Media” verilişində komandanın start heyəti ilə bağlı təxminlərimi səsləndirmişdim.
Onsuz da əksər oyunçuları məlum olan start heyətində sadəcə Xayme Romeronun yoxluğunda sağ cinahda kimin oynayacağı bəlli deyildi. Ümumiyyətlə, Filip Ozobiç - Kadi Malinovski - Marko Veşoviç üçlüyündən ikisi meydanda olacaqdı.

Qurban Qurbanov “Keşlə” ilə oyunda mərkəzdə Ozobiç, cinahda isə Veşoviçə şans versə də, mən bu oyunda cinahda Kadinin oynayacağını təxmin edirdim və təxminimdə də yanılmadım.
Matçın ilk hissəsində “Qarabağ” hücumlarını əsasən sol cinahdan, Toral Bayramov - Abdullah Zubir ikilisi üzərindən qururdu. Elə ilk dəqiqələrdən hücuma atılan ikili fəal görünürdülər. Bir neçə dəfə real şans olsa da, yekunda hücumu məntiqi sonluğa çatdırmaq alınmadı.
Kadi isə kağız üzərində sağ cinahda yer alsa da, həm topsuz olanda, həm də cinahda topu alan kimi sürətlə mərkəzə doğru çəkilib dominant olan sol ayağını işə salmaq istəyirdi. Belə olanda, Abbas cinahda tək qalırdı. Yəqin bu səbəbdən - müdafiə planında boşluq yaranmasın deyə onu çox hücuma qoşmadılar.
:640.jpeg)
İkinci hissədə Kadinin belə reydlərindən biri mükəmməl zərbə və qolla yekunlaşdı ki, bu qoldan sonra necə deyərlər, rəqib “ipi qaçmış corab” kimi sökülməyə başladı.
Oyun boyu rəqibi daim təzyiq altında saxlayan, üstəlik iki qolla darmadağına töhfə verən Kadi matçın ən yaxşısı idi.
Patrik Andradeni də xüsusi qeyd etmək istəyirəm. Rəqib hücumlarını ikinci fazada boğan, dəfələrlə kritik müdaxilələrlə təhlükənin böyüməsinə imkan verməyən Andrade, hücumların qurulmasında da fəal idi və belə demək olarsa, meydanın mərkəzində dinamo kimi işləyirdi.
Onunla müqayisədə Qara bir az zəif göründü, ikinci kapitan bir neçə epizodda kritik ötürmə səhvləri ilə də diqqət çəkdi.
Müdafiənin mərkəzində Maksim və Medina yaxşı təsir bağışladılar.
:640.jpg)
“Qarabağ”ın buraxdığı qolda topa gecikməsini saymasaq, Kevin demək olar ki, səhvsiz oynadı.
Maksim isə təcrübəsi ilə penaltinin məsuliyyətini öz üzərinə götürdü və özünə bir gün gecikmə ilə də olsa, ad günü hədiyyəsi etdi.
Toral həm hücuma verdiyi dəstək, həm də müdafiə planında yaxşılardan idi. Abbas isə yuxarıda qeyd etdiyim kimi, hücuma çox qoşulmadı.
Zubir hər zamankı kimi topu hamıdan çox sevir, hamıdan çox oynayır, bəzən hətta zərbə anını qaçırırdı. Amma bununla belə, qapıya iki təhlükəli zərbə vurdu ki, birində rəqibə dəyib istiqamətini dəyişən topu qapıçı Fabiano çətinliklə çıxardı, ikincidə isə yenə Fabianodan dönən topu Ramil Şeydayev qola çevirdi.
Ramildən bəhs etmişkən, millimizin hücumçusu ümumi ansamblda zəif görünən Vadjinin əvəzinə meydana çıxdıqdan sonra ön xətdəki pressinqi, mübarizəsi ilə özünü yaxşı tərəfdən göstərdi. Əsl hücumçu instinkti, qoleador bacarığı ilə izlədiyi epizodda vurduğu qol da çıxışının bəzəyi oldu.
Və Şahruddin Məhəmmədəliyev: “Çərçivə”də çox yaxşı, reaksiyaları əla olan qapıçı yenə çıxışlardakı inamsız oyunu ilə bir-iki epizodda ürəyimizi ağzımıza gətirdi. Bununla belə, hər şey “Qarabağ” üçün yaxşı qurtardı.
:640.jpeg)
Sonradan oyuna daxil olan, uyğun olaraq 15 və 5 dəqiqə meydanda qalan Veşoviç və Almeydanın çıxışı isə xüsusi nə iləsə yadda qalmadı.
Ümumilikdə götürdükdə komandanın fiziki formasının yüksək olması, “Qarabağ”ın 90 dəqiqə boyunca rəqibə yüksək temp təklif edib, sona qədər də bu üsluba sadiq qalması və ən əsası qapıya doğru 21 zərbə vurması komandanın yaxşı hazırlığından xəbər verir. Fiziki olaraq güclü olan komanda isə istənilən rəqiblə başa-baş mübarizə apara bilər, hətta özündən güclülərlə də. “Bazel”lə oyunda olduğu kimi...