Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hansı yeni məlumat yoxdur:
"Hazırda Zubirlə bağlı bizdə məlumat və yenilik yoxdur. Bizdən ayrılıb, hazırda da azad futbolçudur. İstənilən kluba da getmək variantı olan futbolçudur".
Xatırladaq ki, "Qarabağ"dan ayrılan Abdullah Zubirin Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayıb. Səudiyyə klubu maliyyə təminatı ilə bağlı tələbləri yerinə yetirə bilmədiyi üçün 34 yaşlı futbolçunun müqaviləsini qeydiyyatdan keçirə bilməyib. Nəticədə Zubir hazırda azad agent statusundadır.
Qeyd edək ki, Zubir "Qarabağ"ın heyətində 8 il çıxış edib. Fransalı futbolçu Ağdam təmsilçisinin formasında 379 oyuna çıxıb, 79 qol vurub və 96 məhsuldar ötürmə edib.