"Sabah"ın polşalı müdafiəçisi Timoteuş Puxaç gələcək karyerası ilə bağlı planlarından danışıb.
Oxu.Az xəbər verir ki, 27 yaşlı futbolçu Polşanın "Meczyki" nəşrinə müsahibəsində Azərbaycanda özünü və həyat yoldaşını xoşbəxt hiss etdiyini, lakin gələcəkdə cəlbedici təklif alacağı təqdirdə klubunu dəyişə biləcəyini bildirib.
"Orada özümü çox yaxşı hiss edirəm, həyat yoldaşım da həmçinin. Çox yaxşı baş məşqçim və məşqçi heyətim var. Burada hər şey qaydasındadır. Amma futbolda heç vaxt hansı imkanların yaranacağını, hansı müqavilə təklifinin gələcəyini əvvəlcədən bilmək olmur", - deyə müdafiəçi bildirib.
Puxaç İngiltərə Premyer Liqasında oynamağın onun əsas arzularından biri olduğunu da vurğulayıb:
"Premyer Liqada oynamaq istərdim. Bu mənim arzumdur".
Qeyd edək ki, Timoteuş Puxaç 2025-ci ilin sentyabrından "Sabah"da çıxış edir. Bakı klubu 2026-cı ilin mayında onun transfer hüquqlarını alıb. Futbolçunun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. O, cari mövsümdə komandanın heyətində 22 oyunda meydana çıxaraq 7 məhsuldar ötürmə edib.