"Sabah"ın və Polşa millisinin futbolçusu Timoteuş Puxaç Çempionlar Liqasındakı çıxışı və karyerasında yaşadığı dəyişikliklər barədə danışıb.
Oxu.Az xəbər verir ki, polşalı müdafiəçi ölkəsinin mediasına açıqlamasında özünü arzuları reallaşan 12 yaşlı uşaq kimi hiss etdiyini bildirib.
"Dörd təsnifat mərhələsini keçərək Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandıq. Keçirdiyim 8 matçda 5 məhsuldar ötürmə ilə yadda qaldım. Onlardan biri "Hapoel Beer Şeva" ilə cavab oyununda 90-cı dəqiqədə oldu və məhz həmin ötürmə ilə hesabı 3:2-yə çatdıraraq qarşılaşmanı əlavə vaxta daşıdıq.
Məndə belə təəssürat var idi ki, insanlar büdrəməyimi gözləyirlər. Çünki diqqətçəkən və fərqli biriyəm. Bu gün hər kəs məni tərifləyir və bu, xoşdur. Lakin zəif anımda yenidən mənə hücum etməyə, "kloun" adlandırmağa başlayacaqlar. Bəlkə də eləyəm, amma özümü belə rahat hiss edirəm və bundan utanmıram", - deyə Puxaç bildirib.
Qeyd edək ki, Timoteuş Puxaç UEFA Millətlər Liqasının oyunları üçün Polşa millisinin heyətinə dəvət alıb. O, yığmada sonuncu oyununu 18 noyabr 2024-cü ildə keçirib.