“Qarabağ” futbolçusu Kevin Medinanı Türkiyənin “Çaykur Rizespor” klubuna satmaq istəmir.
Oxu.Az xəbər verir ki, Super Liqaya yüksələn klubdan kolumbiyalı futbolçuya marağın olması ilə bağlı qonşu ölkə mətbuatında yayılan xəbərlər müəyyən qədər həqiqəti əks etdirir. Lakin tərəflərin transferdə anlaşdığı doğru deyil.
Əldə etdiyimiz məlumata görə, həqiqətən, Rize təmsilçisi 30 yaşlı futbolçunu heyətinə cəlb etmək istəyir. Ancaq “Qarabağ” oyunçusunu əldən buraxmaq niyyətində deyil.
Medina Ağdam klubunun əsas heyət üzvlərindəndir. Çempionlar Liqasında yeni mövsümün startı ərəfəsində onun yola salınması klubun və baş məşqçi Qurban Qurbanovun planlarına daxil deyil.
Medinanın “Qarabağ”la hələ iki illik müqaviləsi var. Yalnız “Çaykur Rizespor”un transfer üçün yüksək məbləğ təklif etməsi və ya kolumbiyalının özünün keçidi istəməsi situasiyanı dəyişə bilər.
Xatırladaq ki, Medina 2020-ci ilin yayında Portuqaliyanın “Şaveş” klubundan “Qarabağ”a keçib.
Faiq Tahirov