Ölkəmizdə keçirilən əksər futbol matçlarında biletlərin satışında biabırçı bir məqam üzə çıxır.
Belə ki, bəzi vətəndaşlar futbol azarkeşlərinin marağından istifadə edərək ucuz qiymətə olan biletləri çoxlu sayda əldə edib, oyuna az qalmış 3-4 qat baha qiymətə satırlar. Nəzərə alsaq ki, “Qarabağ” komandası avqustun 21-də Hollandiyanın “Twente” klubu ilə qarşılaşacaq, bu oyun qabağı da belə biabırçı olayın yenidən təkrarlanması istisna edilmir. Maraqlıdır, biletlərin bu “qara bazar”a daxil olmaması üçün necə mübarizə aparılır?
“Qarabağ”-“Twente” qarşılaşmasında biletlərin qanunsuz satışı ilə bağlı mübarizə barədə açıqlama verən “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov Oxu.Az-a bildirib ki, oyun Tofiq Bəhramov adına stadionda keçiriləcək və klubun rəhbərliyi bu cür neqativ halların qarşısını almaq üçün artıq Nərimanov rayon Polis İdarəsinə müraciət edib.
“Qarabağ”ın nümayəndəsi qeyd edib ki, onlar mümkün dərəcədə çalışacaqlar ki, biletlərin “qara bazar”da satılmasının qarşısını alsınlar:
“Biz biletlərin qiymətini minimum həddə müəyyənləşdirmişik. Oyuna ən ucuz biletin qiyməti 1 manat təşkil edəcək, bu, qazanc əldə etmək üçün atılan addım deyil, vətəndaşların oyuna sərbəst daxil olub sevdiyi komanda üçün azarkeşlik etməsi üçündür.
Lakin əfsuslar olsun ki, bəzi insanlar bundan istifadə edərək çoxlu sayda biletləri kassalardan alaraq, oyun zamanı bir neçə dəfə baha qiymətə sataraq pul qazanmaq istəyirlər. Biz belə bir neqativ halın qarşısını almaq məqsədilə kassalarda bir nəfərə 4 dənədən artıq bilet satmırıq və bilet satılan yerlərdə mühafizəçilərin sayını artırmışıq. Ancaq yenə də bu, insanların öz vicdanına qalıb, çünki bizdə 30 000 bilet olur və onların hamısını satmalıyıq, bəzi insanlar isə bir adama dörd dənədən artıq bilet satılmadığı üçün digər insanlardan xahiş edir ki, biletləri alsın. Mümkün qədər çalışırıq ki, belə bir neqativ halın qarşısını alaq, lakin mühafizəçi hər bilet alan insanın simasını xatırlamadığı üçün onlar üç-dörd dəfə ayrı-ayrı kassaya yaxınlaşaraq qanunsuz bilet əldə edir”.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Mikayıl Nərimanoğlunun Oxu.Az-a bildirdiyinə görə, qurum biletlərin qanunsuz satışı ilə mübarizə üçün yeganə yolu hüquq mühafizə orqanlarına müraciət etməkdə görür.
“AFFA yalnız Azərbaycan millisi digər ölkə ilə qarşılaşanda bilet satır. Biletlərin qanunsuz yolla ucuz alınıb sonra bir neçə qat baha satışının qarşısını almaq üçün qurum hüquq mühafizə orqanlarına müraciət edir və yeganə çıxış yolunu bunda görür”.
Daxili İşlər Nazirliyi isə biletlərin qanunsuz satışı ilə bağlı müraciətlərin vətəndaşlar və klub rəhbərliyi tərəfindən polisə müraciət olunmasının vacibliyini qeyd edib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə Oxu.Az-a açıqlama verib:
“Polis hardan bilsin ki, kim neçə bilet alıb və alan bileti neçəyə satır? Vətəndaşlar və ya klub rəsmilərinin əlində futbol matçlarına biletlərin qanunsuz satışı ilə bağlı hər hansı bir fakt varsa, onlar ərazidə olan polis idarəsinə müraciət etməlidirlər. Bundan sonra polis onların hərəkətinə hüquqi qiymət verib, məsələni araşdırıb, nəzarətə götürəcək”.
Qeyd edək ki, biletlərin “qara bazar”da satışı bir neçə ölkədə müşahidə olunan hadisədir, lakin ölkəmizdə futbolun lazımi səviyyədə olmaması və hazırda inkişaf mərhələsində olduğu üçün azarkeşlərə daha çox ehtiyac var. Qeyd olunan mübarizə üsulları artıq uzun müddətdir ki, ölkəmizdə tətbiq olunur, ancaq bunun effektiv olmadığını əvvəlki oyunlarda baş vermiş neqativ hadisələr də göstərir.
Sonda isə qeyd edək ki, bu acınacaqlı vəziyyət ilə bağlı mübarizə sıravi vətəndaşların üzərinə düşür və qanunsuz biletləri satan insanların vicdanına qalır.
Elvin Əhmədov
www.oxu.az