Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 14 mərhələdən ibarət olan “Almaz Liqa”da (Diamond League) qalib olub.
Oxu.Az xəbər verir ki, Norveçin paytaxtı Oslodo keçirilən budəfəki mərhələnin 200 metr qaçış kateqoriyasında Ramil 19.90 nəticə ilə çempion olub. Bu göstərici cari mövsüm Quliyevin ən yaxşı göstəricisidir.
Kanadalı Aaron Braun 19.98 nəticə ilə II, trinidad və tobaqolu Cerim Riçards 20.19 ilə III yeri tutub.
Ramil Quliyev “Almaz Liqa”da qalib oldu – VİDEO
“Böyük stadion, mükəmməl tamaşaçı, gözəl hava – belə şəraitdə sən yalnız yaxşı qaça bilərsən. Ümid edirdim ki, bundan daha sürətli qaçaram. Ancaq bir az ləngidim. Avropa çempionatında 200 metrə qaçacağam və məqsədim Pyetro Menneanın Avropa rekordunu (italiyalı atlet 1979-cu ildə 19.72 nəticə ilə finişə çatıb – S.T.) qırmaq olacaq”, – deyə Ramil Quliyev qələbəsini şərh edərkən bildirib.
Qeyd edək ki, ötən il Londonda dünya çempionu olmaqla Azərbaycan və Türkiyə atletikasının tarixinə düşmüş Ramil Quliyev bu liqanın Roma mərhələsində III yeri tutmuşdu. O ötən il Birmingem mərhələsində 200 metr qaçışda 20.17 nəticə ilə liqanın çempionu olmuşdu.
Səbuhi TOFİQOĞLU
www.oxu.az
Rəylər