"Həm qələbə, həm də məğlubiyyət zamanı yanımda olan hər kəsə təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev (73 kq) deyib.
Cüdoçu əldə etdiyi uğurun arxasında çoxsaylı insanların dəstəyinin dayandığını bildirib:
"Qələbəni bir və ya iki nəfərin adına bağlamaq düzgün olmaz. Tribunadakı hər kəs, doğmalarım və tanışlarım mənə dəstək göstərirdilər. Həm qələbə, həm də məğlubiyyət anlarında yanımda olan hər kəsə təşəkkür edirəm.
İlk medalımı 2019-cu ildə qazanmışam. Bundan sonra özümə inamım daha da artdı. Düşündüm ki, bir dəfə bacarmışamsa, yenidən uğur qazanmaq mümkündür. Üstün cəhətlərimdən biri "Golden Score"da mübarizə aparmağımdır. Uşaqlıqdan gec yorulan biri olmuşam".
R.Məmmədəliyev növbəti hədəfinin bürünc medalı qızılla əvəzləmək olduğunu vurğulayıb:
"İstəyərəm ki, ilk növbədə bürünc medalı qızıl medalla əvəzləyim. Olimpiadaya da daha yaxşı hazırlaşmağa çalışacağam. Əsas hədəfim hər sahədə daim inkişaf etməkdir. İnkişaf etdikcə qızıl medal da gələcək".
Milli komandanın üzvü gələcəkdə oğlunun da cüdoçu olmasını arzuladığını qeyd edib:
"İstəyərdim ki, oğlum da cüdoçu olsun. Çünki keçdiyim yolla getmək daha rahatdır. Onu özüm hazırlamaq, gələcəkdə Avropa, dünya və Olimpiya çempionu olduğunu görmək istərdim".