Ötən mövsüm adından söz etdirən “Sabah” bu il əks mənada təəccübləndirməkdədir.
Yayda aparıcı futbolçuların komandanı tərk etməsi və çoxlu sayda transferlərin həyata keçirilməsi “tələbələr”in işini çətinə salıb.
Vəziyyət o yerə çatıb ki, Murad Musayevin çalışdırdığı kollektiv geridə qalan 13 turda ardıcıl iki qələbə qazana bilməyib.
Sanki söz veriblər, bir oyun udub, o biri oyunu uduzacaqlar. Son beş turdakı vəziyyət məhz bu cürdür.
Komandanın braziliyalı yarımmüdafiəçisi Kristian da Silva Sportinfo.az-a açıqlamasında məlum durumla bağlı danışıb:
“Komandada konsentrasiya çatışmazlığı var. Bununla bağlı baş məşqçimiz də bizimlə tez-tez danışır.
Bəzi oyunları məhz konsentrasiya çatışmazlığından uduzmuşuq. “Turan Tovuz”la oyunu izləyənlər bir daha bunun şahidi oldular.
İki top fərqli ilə önə çıxsaq da, qısa müddətdə rəqib hesabı bərabərləşdirdi. Bunun üzərində işləyirik.
Çalışacağıq ən böyük problemlərimizdən biri olan konsentrasiya əskikliyini qısa müddətdə aradan qaldıraq. Uğur qazanmaq istəyiriksə, daha az səhvə yol verməliyik”.
“Sabah” 13 turdan sonra dörd qələbə, dörd heç-heçə etməklə 16 xalla 7-ci pillədə qərarlaşıb.