AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Oxu.Az saytına müsahibəsi:
– Sizi yenidən Məşqçilər Komitəsinin üzvü olmağınız münasibətilə təbrik etmək olar, yoxsa əlavə işiniz artdı deyə yox?
– Əlbəttə ki, təbrik etmək olar. Düşünürəm ki, hər şey xeyirə doğrudur.
– AFFA İcraiyyə Komitəsinin belə bir qərar çıxaracağından xəbərdar idiniz?
– Əvvəlcə mənə bu haqda deyilmişdi. Mən də razılığımı vermişdim. Məncə, futboldan kənar qalmaq olmaz. Futbolun içində olmaq, Azərbaycan futbolunun inkişafına fayda vermək zamanıdır. Əslində, mən Məşqçilər Komitəsinin yeni üzvü sayılmıram. Həm də köhnə üzvüyəm. Bildiyiniz kimi, “Kəpəz”ə baş məşqçi təyinatımla bağlı bu komitədən ayrılmışdım.
– Hazırda Məşqçilər Komitəsinin üzərinə böyük yük düşür. Milliyə yeni baş məşqçinin namizədlərini müzakirə etməlisiniz...
– Sevindirici haldır ki, Məşqçilər Komitəsinə bu qədər etimad bəslənilir. Hazırda ilk günümdür ki, işə çıxmışam. Biz də istəyirik ki, Azərbaycan futboluna fayda verən baş məşqçi yığmanı çalışdırsın.
– Yadımdadır ki, 21 yaşadək millinin baş məşqçi seçimində də Məşqçilər Komitəsinin rəyi nəzərə alınmışdı...
– Bəli, o vaxt mən Məşqçilər Komitəsində yer alırdım. 4-5 namizəd irəli sürmüşdük. Hamısı yerli məşqçilər idi.
– Bu dəfə də yerli məşqçiləri təklif edəcəksiniz?
– Bizə namizədlər deyiləcək. Biz isə onlardan hansının Azərbaycan futboluna xeyir verib-verməyəcəyi haqda fikirlərimizi bildirəcəyik. Yekun qərarı isə AFFA İcraiyyə Komitəsi verəcək. Baş məşqçi bilindikdən sonra onun strategiyası müəyyənləşəcək.
– AFFA İcraiyyə Komitəsinin iclasında olan məsələlərdən biri millinin son bir ildəki fəaliyyətinin müzakirəsi idi. Yəni Qurban Qurbanovla müqaviləyə xitam veriləcəyinə dair söhbət getmirdi. Sizin üçün də bu qərar gözlənilməz oldu, ya yox?
– Bilirsiniz, artıq hər şey keçmişdə qalıb. Mən indi nə desəm, artıq olar. Ümumiyyətlə, nə isə deməyim pis yozula bilər. İndi nə oldusa, arxada qalıb. İrəli baxmaq lazımdır.
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər