Dördüncü gün azərbaycanlı şahmatçılar üçün iki qələbə, bir heç-heçə və dörd məğlubiyyətlə başa çatdı.
Oxu.Az xəbər verir ki, yeniyetmələrin mübarizə apardıqları açıq turnirdə bütün oyunlar gərgin keçib.
Ülvi Bacarani Janat Sayınla holland müdafiəsində qara fiqurlarla “Daş divar” mövqeyindən çıxış edib.
Ağ fiqurlarla oynayan qazax şahmatçı iki piyadanı itirsə də, üstünlük əldə edə bilməyib. Düzdür, fillər ona heç-heçəyə nail olmaq üçün yaxşı şanslar verirdi, lakin Ülvi sonda yeganə filini qurban verərək, rəqibini çaşdıra bildi və şahla onun düşərgəsinə daxil olaraq, qazaxlı şahmatçını təslim olmağa vadar etdi.
İndi o, liderlərdən cəmi yarım xal geridədir.
Katalon müdafiəsində perulu Leyve Qiussepeyə uduzan Nicat Abbasov isə komanda yoldaşını dəstəkləyə bilmədi. Misrəddin İsgəndərov ağ fiqurlarla istedadlı çinli Bay Jinşiyə uduzdu.
Qızların turnirində bizi yalnız Günay Məmmədzadə sevindirə bildi. O, rusiyalı İrina Utyatskayaya qarşı oyunda slavyan müdafiəsində mükəmməl nəticə göstərdi və mərkəzdə strateji mübarizəni qazanaraq, oyunu şaha birbaşa hücumla yekunlaşdırdı.
Voljsk qambitində Səbinə İbrahimova 18 yaşadək şahmatçılar arasında ötənilki çempion, qrossmeyster Dinara Sadvakasovanı (Qazaxıstan) bütün şanslardan məhrum etdi. O, özü üçün ən yaxşı və sadə möveqdə oyunu sülhlə başa vurmaq qərarına gəldi.
O qədər də tanınmayan şahmatçılarla qarşılaşan Ülviyyə Fətəliyeva (rusiyalı FİDE ustası Aleksandra Makarenkoya uduzdu) və Aytən Əmrayeva (digər rusiyalı şahmatçı Mariya Vasovaya uduzdu) yaxşı nəticə göstərə bilmədilər.
Qarşıda hələ 9 oyun var.