Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin qalibi ola bilər.
Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu – doqquzuncu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.
Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov doqquzuncu sıradadır.
15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. 32 yaşlı iti zəka sahibi sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, bu gün başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.