Az öncə UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə iki mərhələnin cütləri bəlli olub.
Yarışa bu yolla qatılan komandalar arasında “Qəbələ” də yer alıb. Püşkü “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri çəkib.
Ötən mövsüm Gənclər Liqasının qalibi olan “qırmızı-qaralar” qitəmiqyaslı turnirdə Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək. İlk oyun oktyabrın 3-də, cavab matçı 24-də baş tutacaq. Azərbaycanı ikinci dəfə bu turnirdə təmsil edəcək “Qəbələ” ilk görüşü evdə keçirəcək.
Bu cütün qalibinin ikinci raunddakı rəqibi “Herta” (Almaniya) – “Lex” (Polşa) duelində müəyyənləşəcək. Bu cütlərdə qalib gələn komandalar arasında matçlar noyabrın 7-də və 28-də keçiriləcək. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk səddi adlasa, II mərhələyə evdə start verəcək.
Xatırladaq ki, bu iki mərhələni adlayan səkkiz komanda pley-offa vəsiqə qazanacaq. Onlar pley-offda Çempionlar Liqasında qrup ikincisi olan komandalarla 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq.

13:52
Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da start götürəcək mərasimdə 19 yaşadək komandalar (U-19) arasında Azərbaycan çempionu “Qəbələ”nin də rəqibləri müəyyənləşəcək.
Artıq bu komandalar arasında bölgü aparılıb və “Qəbələ”nin yeddi potensial rəqibi bilinib. Bunlar “Herta” (Almaniya), “Siqma” (Çexiya), PAOK (Yunanıstan), “Lex” (Polşa), “AEL” (Kipr), “Maribor” (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.
I mərhələnin oyunları 3/24 oktyabrda, II raundun görüşləri isə 7/28 noyabrda keçiriləcək. İki mərhələnin yekununda yoluna davam edəcək səkkiz komanda 1/16 finalda Çempionlar Liqası Yolunun (UEFA Çempionlar Liqasın qrup mərhələsində iştirak edən klubların U-19 komandaları orada mübarizə aparır – S.M.) qruplarında II yeri tutan səkkiz kollektivlə üz-üzə gələcək.
Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Burada və 1/4 final raundunda qaliblər bir oyunla müəyyənləşəcək. Yarımfinal və final matçları 26-29 apreldə Nyonda “Kolovre” stadionunda keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də yarışa Gənclər Liqasının qalibi kimi qatılan “qırmızı-qaralar” I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub – 0:2, 0:5.
Ötən mövsüm isə “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazandığı üçün bu klubun U-19 komandası UEFA Gənclər Liqasının qrupunda mübarizə aparıb. Komanda yer aldığı C qrupunda üç xal toplamış və sonuncu olmuşdu.
Səbuhi MUSAYEV
www.oxu.az