UEFA Çempionlar Liqasında 1/8 finalında maraqla gözlənilən matçlarından biri reallaşıb.
Oxu.Az xəbər verir ki, İngiltərənin “Old Traford” stadionunda “Mançester Yunayted”lə PSJ üz-üzə gəlib.
Norveçli Ule Qunar Sulşerin təyinatından sonra 11 oyundur ki uduzmayan “qırmızı şeytanlar” bu görüşdə favorit göstərilirdi. Səbəb Fransa çempionlarının heyətində uruqvaylı Edinson Kavani və braziliyalı Neymarın olmaması belə deməyə əsas verirdi. Lakin almaniyalı baş məşqçi Tomas Tuşelin komandası rəqibini 2:0 hesabı ilə yenərək proqnozları alt-üst edə bildi.
İlk hissəsi qolsuz başa çatan görüşdə əsas hadisələr fasilədən sonra cərəyan edib. 53 və 60-cı dəqiqələrdə müvafiq olaraq Presnel Kimpembe ilə Kilyan Mbape fərqlənib. Hər iki qolun ötürməsini İngiltərə klubunun futbolçusu olmuş argentinalı Anqxel Di Maria verib.
Müdafiəçi olan Kimpembe PSJ-nin əsas komandasındakı ilk qolunu məhz bu matçda vurub. 10 sarı vərəqənin çıxdığı görüşdə Pol Poqba 89-cu dəqiqədə braziliyalı Dani Auvisə qarşı etdiyi kobud hərəkətə görə meydandan qovulub (ikinci sarı vərəqə).
Bununla da Ule Qunar Sulşerli “Mançester Yunayted” ilk məğlubiyyətini PSJ-dən alıb. Həmçinin bu nəticə ilə İngiltərə klubunun 1/4 final şansları azalıb.
Qeyd edək ki, tərəflər martın 6-da Fransanın paytaxtı Parisdə cavab matçına çıxacaq. Fransalı Pol Poqba cavab matçı üçün vətənində oynaya bilməyəcək.