Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Superboul-2025 futbol oyununda Teylor Svifti fitə basdılar](https://images.oxu.az/2025/02/10/dWj4WuNmDnT3ywiIL0fPlPgmsBVCCP3HRf0Lipdt:1200.jpg)
Superboul-2025 futbol oyununda Teylor Svifti fitə basdılar
Ötən gecə ABŞ-nin Nyu-Orlean şəhərində ölkənin Milli Futbol Liqası (NFL) mövsümünün 59-cu final oyunu olan Superboul-2025 keçirilib. "Kanzas Siti Çifs" və "Filadelfiya İqlz" komandalarının qarşılaşdığı oyuna məşhur müğənni Teylor Svift də tamaşaçı qismində qatılıb.
Oxu.Az-ın xəbərinə görə, oyunda baş verənlər barədə Sport-express.net nəşri yazıb.
Məlumdur ki, Superboul əsas idman tədbiri olmaqla yanaşı, həm də dünyada ən mühüm pop-mədəni və kommersiya tədbirlərindəndir.
Matçın yüksək reytinq qazanmasının səbəblərindən biri də Teylor Svift və "Kanzas Siti Çifs"in oyunçusu Trevis Kelsinin sevgili olmalarıdır. Belə ki, keçən il Trevisin komandası qalib gəldikdən sonra sevgililərin öpüşdükləri kadrların əks olunduğu foto bütün dünyada yayılmışdı və Superboula böyük reytinq qazandırmışdı. Bu dəfə isə komandasının qalib gələcəyi təqdirdə, idmançının Sviftə evlilik təklifi edəcəyi və bu hadisənin bütün reytinqləri partladacağı gözlənilirdi. Lakin gözlənilən təklif gəlməyib. Çünki "Kanzas Siti Çifs" oyunda məğlub olub.
Teylor Svift isə futbol azarkeşləri tərəfindən fitə basılıb. Müğənni hər dəfə böyük ekranda göstəriləndə bütün stadion ona qarşı narazılığını bildirib və fitə basıb. Svift isə buna sadəcə istehzalı təbəssümlə cavab verib.
Ehtimal edilir ki, tamaşaçıların müğənniyə qarşı belə davranışına səbəb sevgililərin oyundan əvvəlki axşam şam yeməkləri ola bilər. Məsələ burasındadır ki, idman ictimaiyyətində idmançıların oyundan əvvəl həyat yoldaşları və ya sevgililəri ilə vaxt keçirmələri pis əlamət hesab edilir və komandanın məğlub ola biləcəyinə yozulur. Trevis Kelsinin "Kanzas Siti Çifs" komandası da nəticədə həlledici matçda uduzub. Bu səbəbdən gözlənilən evlilik təklifinin də baş tutmayacağı düşünülür.
Rəylər