Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.
Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançısına qalib gəlib. 1/4 finalda Rusiya güləşçisinə də gücünü göstərən Hacı adını yarımfinala yazdırıb.
Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans tanımayan millimizin lideri ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib.
Ağahüseyn Mustafayev Avropa çempionatına möhtəşəm başlayıb. Ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanını məğlub edən yığma üzvü yarımfinala adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisini də rahat üstələyən Ağahüseyn karyerasında ilk dəfə AÇ-nin finalına vəsiqə qazanıb.
Millimizin kapitanı Cəbrayıl Həsənov qitə birinciliyinə inamlı start verib. Startda gürcü güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya idmançısını tam üstünlüklə məyus edib və yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Moldova güləşçisi Həsənova müqavimət göstərə bilməyib.
Beləliklə, Cəbrayıl 6-cı dəfə AÇ-nin finalına yüksəlib.
Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev sabah təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, finallar sabah axşam seansında baş tutacaq.