11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı 2019-cu ilin yanvar ayını əhatə edir.
ABADLAŞDIRMA DAVAM EDİR
Prezident İlham Əliyev 2019-cu ilin yanvarında abadlaşdırma işlərinin həyata keçirilməsi üçün 59,168 milyon manat vəsait ayırıb.
Belə ki, sərəncamlara uyğun olaraq,
Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə–Beyləqan avtomobil yolunun tikintisinə 14,6 milyon manat,
Qubanın Susay–Xınalıq avtomobil yolunun tikintisinə 13 milyon manat,
Balakəndə 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 4,4 milyon manat,
Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinə 3,9 milyon manat,
Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına üç milyon manat,
Kürdəmirdə yol tikintisinin davam etdirilməsinə 8,8 milyon manat,
Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılmasına 11 milyon 468 min 300 manat ayrılıb.
VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?
Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun tikintisi başa çatdırılıb.
Bundan başqa, Qubanın Susay–Xınalıq və Kürdərimirin Karrar–Bağman–Böyük Kəngərli avtomobil yollarının, eləcə də, Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi davam etdirilir.

BAKIDA VƏ REGİONLARDA AÇILIŞLAR
İlham Əliyev bu ilin yanvar ayında bir sıra açılış mərasimlərinə qatılıb.
Belə ki, dövlət başçısı yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib, yanvarın 10-da isə yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Həmin gün prezidentin sərəncamı ilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 35 milyon manat ayrılıb.
Bundan başqa, İlham Əliyev yanvarın 30-da şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.