11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az-ın İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrindən növbətisi 2018-ci ilin dekabr ayını əhatə edir.
KADR İSLAHATLARI VƏ DƏYİŞİKLİKLƏR
Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları və dəyişiklikləri ilə yadda qalıb. Bunların bir qismi dekabr ayına təsadüf edir.
Belə ki, dekabrda imzalanan müvafiq sərəncama uyğun olaraq, Razim Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı, Gülağa İslamov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və Şükür Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.
Digər sərəncama uyğun olaraq, İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan başqa, İlham Əliyevin sərəncamı ilə Tamerlan Qarayev ölkəmizin Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Eyni zamanda, 13 dekabr tarixli sərəncama əsasən, Xələf Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
BÜDCƏDƏN AYRILAN PULLAR
Dövlət başçısı dekabr ayında abadlaşdırma, yenidən qurma işlərinə və qurumlara 130,12 milyon manat pul ayırıb.
Prezidentin sərəncamlarına uyğun olaraq,
- Xəzər rayonunun üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 5,6 milyon manat;
- Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat;
- 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisinə 18,2 milyon manat;
- Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat;
- Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılmasına 23 milyon manat;
- Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına 40 milyon manat;
- Tovuzda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 5 milyon manat;
- Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat;
- Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 1,5 milyon manat ayrılıb.
VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?
Sərəncamların icrasına uyğun olaraq, Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi başa çatdırılıb.
Bundan başqa, Ləki-Qəbələ dəmir yolu xəttinin və Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi davam etdirilir.
BAKIDA VƏ REGİONDA AÇILIŞLAR
İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
SOSİAL SƏRƏNCAM VƏ FƏRMANLAR
İlham Əliyev son bir illik fəaliyyətində bir sıra sosial sərəncamlar imzalayıb.
Dekabrın 10-da imzalanmış fərman övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub.
Fərman övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə imzalanıb.
Bundan başqa, İlham Əliyev dekabrın 19-da aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.
TÜRKİYƏDƏ İLİN DÖVLƏT BAŞÇISI SEÇİLDİ
Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.
Bilal Dündar deyib ki, “İlin dövlət başçısı” mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq